Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə dövlətdən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var.
Dünən Yeniavaz.com saytında bununla bağlı yazı yayımlanıb. Həmin yazıda qeyd olunub ki, pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlar arasında sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. Bildirilir ki, 07.02.2011-ci il tarixində dövlət qeydiyyatına alınan "Qərb Universiteti Tam Orta Məktəbi" də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəbin qanuni təmsilçisi isə Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovadır.
Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Yeniavaz.com-a açıqlama göndərib.
Həmin açıqlmanı olduğu kimi təqdim edirik:
“İndiki və sabiq nazirlərin ailə üzvləri də koronavirusa görə dövlətdən yardım alıblar" başlıqlı yazıda Qərbi Kaspi Universitetinin və orta məktəbinin adı da çəkilir.
Məlumat üçün diqqətinizə çatdırmaq istəyirik ki, təhsil müəssisələri onun təsisçisi (Hüseyn Bağırov) hələ nazir olmamışdan illər öncə - 90-cı illərin əvvəllərində yaradılıb, bu dövr ərzində 30 milyondan artıq vergi ödəyib.
Dövlətin pandemiya dövründə həyata keçirdiyi sahibkarlara dəstək proqramlarına gəldikdə isə, bu, şübhəsiz, dövlətin hazırkı çətin dönəmdə vətəndaşının, eləcə də sahibkarının yanında olduğunu ifadə edir. Ödənilmiş kompensassiya məbləğləri isə son qəpiyinədək işçilərin əmək haqlarına yönəldilib”.
Məlumat üçün bildirək ki, Bağırov Hüseynqulu Seyid oğlu 2001-2018-ci illərdə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışıb.
A.Cəfərov