Nazirlik 41 min manat vergi borcu olan şirkəti necə qalib elan etdi? – Tender müəmması…


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Nəqliyyat vasitələri və texnikaların icarəsi xidmətinin satın alınması” məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “İrmis” MMC (VÖEN-1502245011) olub. Nazirlik qeyd olunan xidmətlər üçün qalib şirkətə 514 min 428 manat 8 qəpik vəsait  ödəyəcək.
Qeyd edək ki, “İrmis” MMC ötən ilin iyul ayında da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olub. Nazirlik 2019-cu ilin iyul ayında “İrmis” MMC-yə 3 tender üzrə ümumilikdə 787 min 392 manat 91 qəpik ödəyib.
Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri tenderdə iştirak üçün tələb olunan sənədlərlə bağlıdır. Tələb olunan sənədlərin biri iştirakçı şirkətin “Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış” təqdim etməsilə bağlıdır.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Lakin, bu tələblərə baxmayaraq hazırda dövlət büdcəsinə 41 min 345 manat 42 qəpik vergi borcu olan “İrmis” MMC tenderin qalibi elan olunub.
Bundan başqa “İrmis” MMC-nin qanuni təmsilçisi Babuşov Hüseyn Baba oğlunun adı 5 saylı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İsgəndərov Salman Xudu oğlu ilə məhkəmə çəkişməsində keçir. 2019-cu ildə İsgəndərov Salman Xudu oğlunun iddiası əsasında Babuşov Hüseyn Baba oğlunun mülkiyyətində olan avtomobilinin üzərinə həbs qoyulub. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.4-cü maddəsinin tələblərinə görə tenderdə iştirak edə bilmək üçün podratçının əmlakı üzərinə həbs qoyulmamalıdır.
Məlumat üçün bildirək ki, “İrmis” MMC 05.02.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Məhəllə 3097, ev ETK 2” olaraq göstərilir.
Tenderdə iştirak üçün tələb olunan sənədlərdən biri də şirkətin veb-səhifəyə sahib olması ilə bağlıdır. Açıq internet resurslarda apardığımız axtarış nəticəsində “İrmis” MMC-nin nəinki veb-səhifəsinə, hətta sosial şəbəkə hesablarına belə rast gəlmək mümkün deyil.  Son bir ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1,3 milyon manatlıq tender müsabiqəsi udan şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.  
“İrmis” MMC-nin adına yalnız koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu içilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında rast gəlmək olur.
Məsələyə aydınlıq gətirmələri üçün suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə ünvanladıq. Mətbuat xidmətindən yeniavaz.com-a bildirdilər ki,  “Nəqliyyat vasitələri və texnikaların icarəsi xidməti”nin satınalınması məqsədilə müsabiqə 8 may 2020-ci il tarixində elektron satınalma metodu vasitəsilə açıq tender üsulu ilə keçirilib.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən malgöndərənlərin (podratçıların) ixtisasına dair sənədlərin Portal vasitəsilə təqdim olunması tələb edilib.
Tenderdə iştirak edən digər şirkətlərlə yanaşı, “İrmis” MMC də dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tələb olunan sənədləri, o cümlədən Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərinin olmaması barədə vergi orqanından arayış təqdim edib. ​
“İrmis” MMC-nin hazırki tarixə vergi borcunun olması və bu tarixdən sonra digər mülki öhdəliklərinin yaranıb-yaranmaması barədə məlumatı isə aidiyyəti üzrə sorğu verməklə əldə etmək mümkündür.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top