Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan Əməkdar artist Bəhram Bağırzadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.
Yeniavaz.com xəbər verir ki, ötən gün Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Həkim, eyni zamanda, Azərbaycanda koronaviruslu xəstələrə ECMO aparatının ilk dəfə Bəhram Bağırzadədə istifadə edildiyini bildirib.
Bu məqamda ECMO aparatı ilə bağlı məlumatları təqdim edirik:
İlk uğurlu ECMO 1971-ci ildə həkimlər J.Donald Hill və Maury Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Mexaniki qan dövranı dəstək sistemlərindən biri olan ECMO istifadəsi texnologiyadakı inkişaf və istifadə təcrübəsində təkmilləşmə ilə birlikdə son illərdə ciddi inkişaf yolu keçib.
ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur.
Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək aparatının fərqli modifikasiyasıdır.
Venoarterial (VA) ECMO, həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir. Venovenoz (VV) ECMO isə sadəcə, ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir.
Ümumiyyətlə, ECMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır.
İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır.
Hemofiltirasiya, ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəyə ECMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər çatışmazlığında MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru həyata keçirmək mümkündür.
Yaponiyada yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib.
Onu da qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov “musavat.com”a açıqlamasında bildirib ki, ECMO aparatından Azərbaycanda cəmi 6 ədəd var. O, həmçinin sözügedən aparatların qiymətinin 6 milyon dollar olduğunu açıqlayıb.