Nazirlər Kabineti yanında Operativ Qərargah qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu insanların evdən çıxmağı, qadağan edib. Hətta market və apteklərin fəaliyyət göstərməsi də iki gün məhdudlaşdırılıb. Bu səbəbdən insanlarda karantindən sonra ərzaqlarda bahalaşma və ərzaq qıtlığının olma ehtimalı düşüncəsi formalaşıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli tələbat artıqca qiymətlərdə yüksəliş olma ehtimalının olacağını bildirdi: "Bir gözlənti formalaşıb ki, gələn həftə də bu qadağa tətbiq edilə bilər. Ona görə də bu ajiotajın səbəbi bununla əlaqədardır. Dünəndən hətta marketlərdə ərzaq çeşidlərinin azalması müşahidə edilir. Yəqin ki, gələn həftə bu çeşidlərin yerini doldurmaq mümkün olacaq. Çünki, rəsmi qurumlar bazalarda kifayət qədər ərzaq məhsulunun olduğunu deyirlər.
İndiki vəziyyət bir daha təkrarlanarsa, tələbatın yenidən artmasına səbəb ola bilər. Tələbat artarsa həm topdan satış müəssisələri, həm də marketlərdə qiymət artımı ola bilər. Bu praktika digər ölkələrdə tətbiq edilən zaman ərzaqlarda qiymət artımı müşahidə olundu. Məsələn, Türkiyədə bir aydan çox karantin rejimi elan olundu və ərzaqlarda təqribən 4% qiymət artımı oldu".
Natiq Cəfərli eyni zamanda insanların davranış qaydalarında da problem olduğunu bildirdi: "İki günə görə hamı lazım olduğundan daha çox ərzaq almağa çalışırlar. Onlar düşünür ki, böyük bir problemlər baş verə bilər. Məntiqnən fikirləşsək lazım olduğundan artıq ərzaq alan şəxslər, gələn həftənin birinci, ikinci, üçüncü günləri marketə getməməlidir. Yenidən bu qərar təkrarlandığı halda, marketlərdə bu gün yaşanan eyni vəziyyət, gələn həftə yenə təkrarlanacaq və hətta daha böyük axın ola bilər. Marketlərdə insanlar səbətləri elə doldurular, sanki müharibəyə hazırlaşırlar. Bu da təbii ki, gələcəyə olan güvənsizlikdən irəli gəlir".
İlahə Hüseynova