Azərbaycanda müavinət alan çoxuşaqlı anaların sayı açıqlandı – RƏSMİ


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə 18 yaşına çatmayan 9 min 34 uşağın anaları “beşdən çox uşağa görə” sosial müavinət alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 9 min 34 uşağın hər birinə ayda 55 manat məbləğində müavinət verilib.
Məlumat üçün bildirək ki, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hər uşağa görə 2019-ci ilin aprelin 1-dən 55 manat məbləğində aylıq müavinət təyin olunub.
Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda müavinət alan anaların sayı açıqlanmayıb. Müavinət ala bilmək üçün ananın ən azı 6 uşağının olması şərtini nəzərə alsaq, o zaman müavinət alan anaların sayının 1505 nəfərdən (9 034:55) çox olmayacağı görünür.
Onu da bildirək ki, Azərbaycanda 6 və daha çox uşağı olan anaların sayı barədə rəsmi açıqlma verilmir. Rəsmi statistikada yalnız 4 və daha çox uşağı olan anaların sayı açıqlanır. Əhalinin 2009-cu ildəki  siyahıyalınmasında ölkədə 4 və daha çox uşağı olan 126,7 min ailənin olduğu bildirilir.
Xatırladaq ki, Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də  çoxuşaqlı analara “Qəhrəman ana” fəxri adı verilirdi. 2012-ci ildə mətbuatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qəhrəman ana” statusunun verilməsi ilə bağlı Milli Məclisə təkliflər verdiyi barədə məlumatlar yer alıb. Lakin, bugünə kimi Milli Məclisdə  “Qəhrəman ana” statusunun bərpası ilə bağlı məsələ müzakirə olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top