Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,4% və ya 158,7 milyon manat artaraq 11 milyard 516,1 milyon manat olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin aprel ayında pərakəndə ticarət dövriyyəsi 2 milyard 514,3 milyon manat, bu ilin aprel ayında isə 2 milyard 273,8 milyon manat olub. Ötən ilin aprel ayı ilə müqayisədə bu iln aprel ayında pərakəndə ticarət dövriyyəsi 240,5 milyon manat və ya 9,5% azalıb.
Məlumat üçün qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayının 23-dən etibarən pərakəndə ticarət sektoruna məhdudiyyətlər tətbiq olunub. Bir sıra iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Lakin açıqlanan rəsmi statistika aprel ayında pərakəndə ticarət dövriyyəsində ciddi azalmanın olmadığını göstərir.