"Azərbaycan internetindəki problemin ölkəyə gələn beynəlxalq rabitə xətlərində olması ilə bağlı NRYTN-in açıqlaması düşünürəm ki reallığı əks etdirmir"
Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz feyzbuk hesabında yazıb. O bildirib ki, ölkəyə interneti gətirən 2 magistral provayderin, Delta Telecom və AzerTelecom-un yetərincə rezerv və alternativ kanalları var: "Hər iki qurum bir neçə istiqamətdən bir neçə magistral xətlə ölkəyə internet gətirir. 2015-ci ildə Deltada baş verən partlayışdan sonra beynəlxaq xətlərdə dayanıqlıq və alternativlik daha da gücləndirilib. Hazırda ölkə internetində baş verən problem daxili problemdir, lokal infrastrukturun problemidir. Deltanın Heydər Əliyev Mərkəzi ətrafındakı optik xətlərdə dünən baş verən qəza ilə əlaqəli bir sıra böyük qurumlarda, əsasən alternativi yetərli olmayan KTV Provayderində problem yaşanmışdı. Bu problemlər artıq aradan qaldırılıb. Qəzadan sonra əsas regional provayder olan Aztelekom -un Delta ilə tənzimləmələrində də problemlərin üzə çıxdığı məlum olub. NRYTN bunun backbone provayderin problemi olduğunu bildirib.
Əgər bütün provayderlərdə internet varsa, yalnız Aztelekomda internet yoxdursa NRYTN -in bunu yalnız backbone provayderin üzərinə atması bir qədər qeyri-ciddi səslənir.
Regionlardan özəlləri sıxışdırıb çıxardan, onların müştərilərini oğurlayaraq öz müştəri sayını dəfələrlə artıran Aztelekom zamanında ehtiyat tədbirləri görməli, regionların əsas intefnet təchizatçısı olaraq dayanıqlıq üçün zəruri olan addımları zamanında atmalıydı. Artıq bildiyim qədər onlar problem yaranan avadanlığın istehsalçısı olan şirkət və Delta ilə birgə bu gün yaranan problemi həll etməkdədirlər. Ümid edirəm regionlarda tezliklə internet qaydaya düşəcək. Fiktimcə NRYTN sektorda əsas səlahiyyətli dövlət qurumu olaraq mövcud telekommunikasiya infrastrukturunun dayanıqlığı üçün, rabitə qaydalarına əməl olunması üçün tədbirlər görməli, tabeliyindəki dövlət operatorları və provayderlərindən daha ciddi məsuliyyət tələb etməlidir. Dövlət operatorları karantin müddətində hədsiz yüklənən Azərbaycan internetinin dayanıqlığı üçün backbone provayderlərə, özəl provayderlərə yeni alternativlər bə rezervlər yaratmaq üçün yaxından köməklik göstərməlidir".