Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi avtomobil yanacağına 481,9 milyon manat pul xərcləyib.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, mart ayında avtomobil yanacağına xərclənən vəsait yanvar və fevral aylarından çox olub. Belə ki, yanvar ayında avtomobil yanacağına 166,5 milyon, fevral ayında 145,1 milyon, mart ayında isə 170,3 milyon manat pul xərclənib.
Maraqlıdır ki, koronavirus pandemiyası səbəbindən mart ayında avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. 24 mart 2020-ci il tarixindən isə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Mart ayının 27-də Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişin daşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir və onların sayı gün ərzində 3 000 - 4 000 nəfərdən 300 nəfərə düşüb. Nazir həmçinin qeyd edib ki, tətbiq edilən karantin rejimi ilə əlaqədar şəhərdaxili nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da 80% azalıb.
Lakin, açıqlanan rəsmi statistika mart ayında insanların avtomobil yanacağına daha çox pul xərclədiyini göstərir.
Onu da qeyd edək ki, son 3 ayda avtomobil yanacağının qiymətində heç bir artım olmayıb. Hətta mart ayının 13-də Azərbaycanda “Aİ-95” markalı yanacağın qiyməti 20%, “Aİ-98" markalı yancağın qiyməti isə 12,5% ucuzlaşıb.
A.Cəfərov