Ağır koronavirus xəstələri üçün həyati əhəmiyyət daşıyan süni tənəffüs cihazı nədir və Azərbaycanda neçə ədəd var?


Koronavirusa yoluxmuş və vəziyyəti ağır olan xəstələr üçün süni tənəffüs cihazı əhəmiyyətli rol oynayır. Bəs süni tənəffüs cihazı nədir və nə üçün koronavirus xəstələri üçün bu qədər əhəmiyyətlidir?
Yeniavaz.com xəbər verir ki, süni tənəffüs cihazı, ən sadə təriflə desək, ağciyərlər funksiyasını itirən zaman onlara bu işdə kömək edən alətdir. Adətən renimasiya şöbələrində yerləşdirilsə də, nadir hallarda cərrahiyə palatalarında da istifadə olunur. Bu alət yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Otaqdakı havada oksigen miqdarı 21 faiz olduğu halda, bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.
Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən koronavirusa yoluxmuşların da əksəriyyəti tənəffüs sistemində problem olanlardır. Ümumiyyətlə reanimasiya şöbəsinə yerləşdirilənlərin də əksəriyyəti tənəffüs çatışmazlığından əziyyət çəkənlər olur.
Mütəxəssislər bildirirlər ki, yoluxduğu insanların sayını nəzərə alsaq bu virusla mübarizədə süni tənəffüs cihazları və reanimasiya çarpayıları əhəmiyyətli rola malikdir.
Hazırda dünyada aktiv koronavirus xəstələrinin sayı 1 milyon 100 min 977 nəfərdir ki, onların da 48 min 155 nəfərinin vəziyyəti ağır hesab olunur. Yəni bu, hazırda dünyada 48 min 155 koronavirus xəstəsinin süni tənəffüzs cihazına ehtiyacı olduğu mənasına gəlir. Bu sayının hər gün sürətlə artdığını nəzərə alsaq, görəsən dünya ölkələri süni tənəffüs cihazı ehtiyatını necə gücləndirir?
BBC-də yayımlanan bir məqaləyə görə, dünyada istifadə olunan süni tənəffüs cihazlarının əksəriyyəti Çində istehsal olunur. Daha sonra isə bu cihazlar tibbi avadanlıqlar satan şirkətlər vasitəsilə xəstəxanalara və səhiyyə nazirliklərinə satılır. Koronavirusun pandemiya halını alması ilə birlikdə süni tənəffüs cihazlarının qiymətində ciddi artımlar müşahidə olunub. Belə ki, bu müddətdə qiyməti 27 min dollardan 96 min dollar qalxan süni tənəffüs cihazları var.
Avropa İttifaqı (Aİ) başda süni tənəffüs cihazları olmaqla pandemiya ilə mübarizədə əhəmiyyətli rola malik avadanlıqların tədarükü üçün birgə satınalma mexanizmi müəyyənləşdirib.
Koronavirusdan ən çox insanın öldüyü İtaliyada isə (17 669) hökumət bu cihazı istehsal edən firmadan aylıq istehsal potensialını 4 dəfə artırmağı tələb edib və ordunu sözügedən firmaya kömək etmək üçün təlimatlandırıb. Bu tələbdən sonra aylıq potensialını 500 süni tənəffüs cihazına çatdırması gözlənilən firma, bu avadanlığı hökumətə 17 min avrodan satacaq.
İngiltərənin Milli Səhiyyə Sistemi də hazırda əllərində 8 min 175 ədəd bu cihazdan olduğunu və təcili tədarük görəcəklərini açıqlayıb. Ölkə rəhbərliyi pandemiyanın ən yüksək həddində 30 min süni tənəffüs cihazına ehtiyac olacağını bildirib və “Dyson” şirkətinə 10 min ədəd sifariş verib.
Almaniya hökuməti də 10 min ədəd bu cihazdan sifariş verib və ölkədəki bəzi avtomobil firmaları süni tənəffüs cihazı istehsal edəcəklərini elan ediblər.
Fransa hökuməti isə, ölkədəki reanimasiya çarpayısının 5 min ədəd olduğunu açıqlayıb və bu sayı sürətlə artırmaq üçün bəzi addımlar atacaqlarını bildirib.
Bəs görəsən koronavirusla mübarizədə bu qədər əhəmiyyətli rola malik olan bu cihazlardan Azərbaycanda neçə ədəd var?
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Yeniavaz.com-a bildirdi ki, bununla bağlı statistika verilmir: “Operativ Qərargahın brifinqlərində bildirilir ki, yetəcək qədər var, hələ ki, çatışmazlıq yoxdur”.
Qeyd edək ki, hazırda Azərbaycanda 751 aktiv koronavirus xəstəsi var ki, onlardan 23-ün vəziyyəti ağırdır. Ümumilikdə isə indiyə qədər bu xəstəliyə 822 nəfər yoluxub və onlardan 8-i dünyasını dəyişib. 63 nəfər isə virusa qalib gəlib və evlərinə buraxılıb.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top