“Heç kəs normal pnevmoniyadan yolda getdiyi yerdə yıxılıb ölmür” - HƏKİMDƏN AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün yayılan məlumatda "28 May” metro stansiyasının yaxınlığında bir nəfər Azərbaycan vətəndaşının halı qəfil pisləşib və huşunu itirərək yerə yıxılıb. Həmin şəxs Təcili Tibbi Yardım maşını ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna aparılarkən yolda dünyasını dəyişib. Müayinə zamanı ona kəskin ağciyərlərin iltihabı diaqnozu qoyulub.
Bildiyimiz kimi, ağciyərin kəskin iltihablanması yeni növ koronavirusun əsas əlamətlərindəndir. Bu da insanlar arasında bəzi şübhəli məqamların yayılmasına səbəb oldu.
Mövzu ilə bağlı müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə əlaqə saxladıq.
Adil Qeybulla Yeniavaz.com-a açıqlamasında bildirdi ki, koronavirusun təsiri adi iltihablanmadan fərqlidir:
"Yeni növ koronavirus xəstələrində proses birdən-birə alovlanır və insanlar elə küçədə gedən yerdə yıxılıb ölə bilirlər. Burada qeyd etmək lazımdır ki, koronavirus hər il olur. Biz onu mövsümi soyuqdəymə kimi keçirdirik. Ancaq yeni ortaya çıxan COVİD-19 koronavirusun yeni növüdür. Xəstələrin vaxtında aşkar olunması, onların müalicə edilməsi, lazımi tədbirlərin görülməsi lazımdır".
Həkim bildirdi ki, bu xəstəlik barədə insanlara lazımi informasiyalar verilməlidir:
"Ona görə biz deyirdik ki, televiziya ekranlarında boş-boş şou verilişləri yerinə bu təhlükəli xəstəlik barədə əhalini məlumatlandırmaq lazım idi. İnsanlara infeksiyadan necə qorunmaq lazım olduğunu, xəstəliklə necə davranmaq lazım olduğunu demək lazım idi. Yoxsa efirə çıxıb, "sarımsaq yeyin, spirt için" deyə əsassız fikirlər söyləyirlər. Bu insanları ələ salmaqdır. Dövlətin bu mövzuda konkret strategiyası olmalıdır. Bu işə mütəxəssislər cəlb edilməlidir. Artıq bizdə bu problemlər başlayır. Başlayandan sonra əl-ayağa düşmək lazım deyil. Vaxtında tədbir görmək lazımdır".
Bu gün kəskin ağciyərlərin iltihabı diaqnozu ilə qəfil dünyasını dəyişən Azərbaycan vətəndaşı barədə də danışan Adil Qeybulla həmin şəxs barədə laborator identifikasiya olmamış bir şey deməyin çox çətin olduğunu bildirdi:  "Nəzərə alsaq ki, bütün dünyada koronavirusla bağlı hansı proses gedir, Azərbaycan da dünyadan təcrid olunmuş bir formada deyil, belə hadisələrin olması real və mümkündür. İlk ağıla gələn də məhz COVİD-19 şübhəsidir. Əgər o şəxsdə adi pnevmoniya olsa idi, onda yüksək hərarət, halsızlıq, ümumi zəiflik olardı və küçədə belə rahat şəkildə gəzə bilməzdi".
Professor A. Qeybulla yeni növ koronavirusla mübarizədə Çindən nümunə götürməyin vacib olduğunu bildirdi: "Çinə nəzər salsaq orada tədbirlər yüksək səviyyədə görüldü və xəstəliklə mübarizədə müsbət nəticələr əldə edildi. Biz də Çin təcrübələrindən istifadə etməli, daha ciddi şəkildə tədbirlər görməliyik. İnsanlara bu barədə məlumatlar verilməlidir. Ən azından əllərimizi tez-tez 30 saniyə müddətində ilıq suda yumalıyıq. Bu ən əlçatan metodlardan biridir. Mümkün qədər yeraltı keçidlərdən, istifadə edilməməlidir. Uzun müddət insanların çox olduğu yerlərdə olmamaq lazımdır. Dövlət bütün sektorlara göstəriş verməlidir ki, işçilər xəstələndiyi və ya özünü narahat hiss etdiyi halda onun əmək hüquqlarının təmin olunması vacibdir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top