"Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb. Hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur".
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur: "Həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər. Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir. Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb".