Elçin Şıxlı: "KİVDF-ni ləğv etmək yox, oradakı adamları dəyişmək lazımdır"


Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 20 gündəlik və günaşırı ictimai-siyasi qəzetə 255 min manat miqdarında birdəfəlik maliyyə yardımı ayırması haqqında məlumat vermişdik. Daha sonra fond həmin qəzetlərin siyahısını açıqladı və məlum oldu ki, maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Buna görə də,  hər iki qəzetin kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmçinin “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, KİVDF-nin qəzeti dövlət maliyyəsi alan qəzetlərin siyahısından çıxarmasına diqqət çəkərək nəşrin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalmasının yolverilməz olduğunu dilə gətirib. Sona Vəliyeva Prezidentin keçmiş köməkçisi Əli Həsənovun xanımıdır. Bəzi iddialara görə, KİVDF-nin qəzetə bu münasibətinin kökündə Əli Həsənovun işdən çıxarılması dayanır. 
Bəs görəsən bu gün həqiqətən də KİVDF-yə ehtiyac varmı? KİVDF-nin varlığı mətbuatın hərtərəfli inkişafına dəstəkdir yoxsa əksinə maneədir?

Bununla bağlı tanınmış jurnalist və filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikirlərini öyrəndik. Q. Məhərrəmli Yeniavaz.com-a açıqlamasında bildirdi ki, KİVDF medianın müstəqilliyinin və peşəkarlığının təmin olunması üçün fəaliyyət göstərməlidir: “Mən hesab edirəm ki, dövlətdə belə bir qurumun olmasına ehtiyac var. Amma o, indiki kimi eybəcər bir şəkildə fəaliyyət göstərməli deyil. Bu qurum mətbuatın strateji məsələləri ilə məşğul olmalıdır. Yəni ianə verməklə deyil, mətbuatın konseptual məsələlərini həll etməlidir. O məsələləri həll etməlidir ki, o, nəticə etibarı ilə mətbuata kömək etsin. Həmin məsələlər medianın müstəqilliyinin, peşəkarlığının təmin olunmasıdır. Yoxsa pul ayır, hər kəsə də 10 manat ianə ver, bunun üzərində media siyasəti qurmaq olmaz. İndi hamı öyrəncəli, asılı olub. Hamı onların yardımını gözləyir və onların da kölgəsində fəaliyyət göstərir. Medianı bu şəkildə daraltmaq, məhdudlaşdırmaq və bu cür asılı vəziyyətə salmaq olmaz”.
O qeyd etdi ki, maliyyə yardımı ayrılan qəzetlər ictimai dəyəri olmayan və cəmiyyətə xidmət etməyən mətbuat orqanlarıdır: “Ən pis cəhəti odur ki, cəmiyyət üçün heç bir faydası olmayan, ictimai dəyəri olmayan, cəmiyyətə xidmət etməyən xeyli sayda mətbuat orqanlarına, qəzetlərə maliyyə yardımı ayrılır. Bunlar yalnız oradakı işçiləri dolandırmaq üçündür. Olsun, amma bunun üçün bir başqa forma tapılmalıdır ki, onlar da yaşasın. Amma mətbuatı inkişaf elətdirmək üçün indiki forma özünü doğrultmur”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirdi ki, KİVDF-nin nizamnaməsinə uymaq və fondun rəhbərliyini dəyişmək lazımdır: “Mətbuat bu kökə düşdüyü üçün həmin fonda ehtiyac var. Sadəcə olaraq KİVDF-nin nizamnaməsinə uyğun hərəkət etmək və oradakı adamları dəyişmək lazımdır. Dəyişdikdən sonra dövlətin mətbuat üçün ayırdığı milyonları normal layihələrə yönəltsək, lazımı tədbirlər görülsə hər şey qaydasına düşə bilər. Biz KİVDF-ni ləğv etməklə vəziyyəti düzəldə bilməyəcəyik”.
O həmçinin, indiyə kimi atılan addımların ənənəvi jurnalistikanı məhvə sürüklədiyini qeyd etdi: “Yuxarıda media ilə məşğul olan adam dəyişdirildi, amma indi bütün media yiyəsiz qalıb. KİVDF yenə də mənasız yerə dövlətin ayırdığı vəsaitləri qəzetlərə paylamaqla məşğuldur. Bu praktikatya son qoyulmalıdır. İndiyə kimi görülən işlər ənənəvi jurnalistikanı və medianı məhvə sürükləyir. Amma əslində KİVDF-nin nizamnaməsində normal şeylər çoxdur və ona uyğun hərəkət edilsə, ayrılan vəsaitlər normal layihələrə yönəldilsə hər şeyi düzəltmək mümkündür”.
E. Şıxlı bu gün Azərbaycanda nəşr olunan qəzetlərin müəyyən insanların mənafeyini müdafiə etdiyini, buna görə də, insanlara yalan informasiya yaydığını bildirib: “Özümüz bilirik ki, bizim mətbuatda “filankəsin xətrinə dəymək olmaz, yazmayın”, “filan şeyi söyləməyin, başqa bir adamın xətrinə dəyə bilər”, “yalandan deyin ki, hər şey yaxşıdır, birdən kimsə inciyər” kimi ifadələr tez-tez hallanır. Mən burada nazirləri nəzərdə tuturam. Ona görə də, düzgün qərar qəbul etmək üçün qərar qəbul edəcək təsisatın rəhbəri düzgün informasiyaya malik olmalıdır. Nə qədər ki, özümüz özümüzü aldadacağıq və nə qədər ki, qəzetlər də bu yalanın bir tərkib hissəsi olacaq heç nə düzəlməyəcək”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top