Heydər Əliyev Fondunun təmir etdiyi uşaq müəssisəsini nazirlik yenidən "təmir" edir? - 361 min manat pul ayırdı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi üçün 360 min 709 manat 36 qəpik ayıracaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun bu məqsədlə elan etdiyi tender müsabiqəsinin qalibi "Avalon-12" QSC olub.
Qeyd edək ki, müsabiqənin nəticəsi 18.12.2019-cu il tarixində açıqlanıb. Verilən məlumatdan belə görünür ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işləri cəmi 13 gün ərzində - 17.12.2019 - 30.12.2019-cu il tarixlərində icra olunacaq.
Məlumat üçün bildirək ki, cəmi 13 gün ərzində 361 min manat xərcləyərək əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi nəzərdə tutulan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin daha əvvəl Heydər Əliyev Fondu tərəfindən təmir olunduğu qeyd olunub. Bu barədə həm rəsmi mənbələrdə, həm də mətbuatda kifaəyət qədər məlumat var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli Sahil Babayev və rəsmi şəxslər bu müssisəni ziyarət edən zaman paylaşılan fotolardan da açıq şəkildə görünür ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi kifayət qədər təmirlidir.
Onu da bildirək ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin baş mühasibi olduğunu söyləyən şəxs yeniavaz.com-a açıqlamasında bildirdi ki, müəssisə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və yaxın zamanlarda müəssisədə heç bir təmir işi gözlənilmir.
Özünü "Avalon-12" QSC rəhbəri kimi təqdim edən şəxs isə yeniavaz.com-un suallarına telefonla cavab verməyəcəyini bildirdi.
Onu da qeyd edək ki, "Avalon-12" QSC 26.11.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mirzəyev Fariz Dədəş oğludur. Bu şirkət ötən il MMC kimi "Royal Construction" MMC adlı şirkətlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ümumi məbləği 6 milyon manata yaxın olan iki tender udub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən milyonlara vəsait alan "Avalon-12" QSC (MMC) barədə açıq internet resurslarda tender xəbərlərindən başqa heç bir məlumata rast gəlmək olmur. "Facebook" sosial şəbəkəsində "Avalon 12 QSC" adlı səhifə mövcuddur. Cəmi bir nəfər tərəfindən bəyənilən səhifənin 7 noyabr 2019-cu ildə açıldığı qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri bildirdi ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binası 2011-ci ildə təmir edilib: "Nəzərə alsaq ki, təmirdən 8 il vaxt ötüb və müəssisədə Sağlamlıq İmkanları məhdud 200-ə yaxın uşaq yaşayır, müəssisənin cari təmirə ehtiyacının yaranması əsaslı haldır. Cari təmirdə nəzərdə tutulan hallar 13 gün ərzində yerinə yetirilməsi mümkün olan işlərdir. Eyni zamanda müəssisədən əldə edilən məlumata əsasən “müəssisədən verilən yaxın zamanlarda müəssisədə heç bir təmir işi gözlənilmir” ifadəsi həqiqəti əks etdirmir".
Məlumat üçün qeyd edək ki, yazının əvvəlində qeyd etdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ayrılan 361 min manat nazirlik sözcüsünün açıqlamasından fərqli olaraq təkcə cari təmir üçün deyil həm də əsaslı təmir və abadlıq işlərinin görülməsi üçün ayrılıb.  

Allahverdi Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top