Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu gün - 16 dekabr 2019-cu il tarixində məlum olub ki, "Texnik Qrup 2019" MMC (VÖEN-1306382591) adlı şirkət Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyinin elan etdiyi kotirovka sorğusunun qalibi elan olunub.
Respublika Sanitariya-Karantin Müfəttişliyi "Texnik Qrup 2019" MMC-dən 93 min 942 manat dəyərində inventar, maşın və avadanlıq satın alacaq. Müqavilə 13.12.2019-cu il tarixindən 31.12.2020-ci il tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, "Texnik Qrup 2019" MMC cəmi ay yarım əvvəl - 29.10.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan "Texnik Qrup 2019" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsəsnov Aqşin Samit oğludur. Açıq internet resurslarda "Texnik Qrup 2019" MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, Respublika Sanitariya-Karantin Müfəttişliyi ilə bağlı bu cür müəmmalı tender müqaviləsi ilk deyil. Sanitariya-Karantin Müfəttişliyinin bu il ərzində imzaladığı tender (kotirovka) müqavilələri barədə məlumatlar 10.09.2019-cu il tarixində dərc olunub. Müfəttişlik "Local Tech" MMC ilə 09.04.2019 - 31.12.2019 -cu il tarixləri arasında icra olunacaq 6 müqavilə imzalayıb. Sanitariya-Karantin Müfəttişliyi müxtəlif mal və xidmətlər üçün "Local Tech" MMC-yə ümumilikdə 245 min 370 manat vəsait ödəyəcək. Barəsində heç bir yerdə məlumat olmayan "Local Tech" MMC 10.11.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şirvan şəhəri, Hacı Qəhrəmanlı ŞTQ olaraq qeyd olunan şirkətin qanuni təmsilçisi Hüseynova Gülçöhrə Xanhüseyn qızıdır. Bu şəxsin adına olan başqa bir şirkət "Medikeyt" MMC adlanır. "Local Tech" MMC ilə təxminən eyni tarixdə - 01.11.2017-ci ildə dövlət qeydiyyatına alınan "Medikeyt" MMC-nin hüquqi ünvanı Neftçala rayonu, Hacıyev, ev 9 göstərilib. Hüseynova Gülçöhrə Xanhüseyn qızının qanuni təmsilçi olduğu bu şirkət də 03.05.2019-cu il tarixində Sanitariya-Karantin Müfəttişliyinə 84 min 997,5 manat dəyərində mətbəə xidməti göstərib. Sanitariya-Karantin Müfəttişliyi eyni tarixdə bənzər ünvanda - Neftçala rayonu, Hacıyev, ev 13 -də qeydiyyatda olan "Xəzər FD" MMC ilə də 2 müqavilə imzalayıb. Bu müqavilələrin dəyəri müvafiq olaraq 84 min 966,6 manat və 84 min 998,5 manat olub.
Sanitariya-Karantin Müfəttişliyinin tender (kotirovka) müqavilələrə bağladığı şəxslərin ad və soydı ilə uyğunluq təşkil edən ad və soyadlara "Dost İş Mərkəzi" ilə əmək müaviləs bağlayanların siyahısında rast gəlmək olur. Məsələn, Sanitariya-Karantin Müfəttişliyi ilə 330 min 367,5 manatlıq müqavilə imzalayan Hüseynova Gülçöhrə Xanhüseyn qızının ad, soyad və ata adına bənzəyən şəxs "Dost İş Mərkəzi" ilə əmək müaviləsi bağlayan Qaradağ rayonu üzrə əməkhaqqı alan ictimai işçilərin siyahısında da yer alıb. Məlumat üçün bildirək ki, "Dost İş Mərkəzi" ilə əmək müaviləsi bağlayan şəxslər əsasən işsiz və heç bir peşəyə sahib olmayan şəxslər olur və onlara təxminən 200 manat əməkhaqqı verilir.
Sanitariya-Karantin Müfəttişliyi daha bir tender müqaviləsini "Epidbiomed" MMC ilə bağlayıb. Müfəttişlik 03.05.2019 - 31.12.2019 -ci il tarixləri arasında "Epidbiomed" MMC-dən 99 min 999,51 manat dəyərində dərman və materiallar alacaq.
Onu da bildirək ki, yeni yaranan və təcrübəsiz şirkətlərin tenderlərin qalibi olması bu il ərzində dəfələrlə qeydə alınıb. Aşağıdakı linklərə daxil olaraq həmin şirkətlər barədə ətraflı məlumat almaq olar:
- https://www.yeniavaz.com/az/news/index/124451/gomruk-komitesi-bir-ayliq-sirkete-nece-etibar-edib-muemmali-tenderlerin-siyahisi
- https://www.yeniavaz.com/az/news/index/120706/dovlet-qurumlarinin-tender-oyunu-davam-edir-fotofakt
- https://www.yeniavaz.com/az/news/index/121522/kanalizasiya-temir-eden-sirket-amea-da-elmi-tedqiqatla-mesgul-olacaq-fotofakt