“Pəri qalası”na səyahət... - FOTOLAR


Həmişə uşaqlıqda kəndə qohumlara gedəndə demək olar kəndin bir çox yerindən görünən Pəri qalasına binokulla baxmaq, qalanın pəncərələrini, qalanın ümumi görünüşünü seyr etmək xüsusi bir məşğuliyyət, sevimli bir işimiz idi. Ancaq günün birində Pəri qalasına çıxaraq oradan bir neçə kəndi eyni anda seyr etməyi heç düşünməmişdik. Deməli bu mümkün imiş... İki əmioğlu: “Gəl bir də Pəri qalasından kəndə baxaq” deyə niyyətlənmiş və yola düşmüşdük...
Pəri qalası dağ zirvəsində tikilən və Alban memarlığının təkrarolunmaz nümunəsi hesab edilir. “Pəri qalası” Yuxarı Çardaqlar kəndindən 300 metr aralıda, dağın üzərində, yerdən 150-200 metr hündürlükdə tikilib. Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. “Pəri qalası”nın dəqiq inşa tarixi tam bəlli olmasa da, tədqiqatçılar tikilmə üslubuna görə qalanın Qafqaz Albaniyası dövründə inşa olunduğunu güman edirlər.
“Pəri qalası”nın əsas tikilisinə aparan sıldırım qayalardakı pilləkənlər günümüzə qədər gəlib çatıb. Ancaq tikilinin hal-hazırkı vəziyyətindən anlamaq olar ki, bu pilləkənlərin həm məhəccər, həm də üst hissəsi daha əvvəllər tamamilə qapalı olub. Sonradan həm pilləkənlərin məhəccər hissəsindəki, həm də pilləkənlərin üstü qapalı hissəsinin bəzi parçaları günümüzə qədər gəlib çata bilməyib.

Əsas qalaya aparan pilləkənlərin ilkin halında bu cür qorunaqlı tikilməsinin bir sıra səbəbləri ola bilərdi. Əvvəla bu qala 20-30 km uzaqlıqdan belə görünə bilən dağın hündür bir yerinde qərar tutub. Qalanın ilkin halında buraya hansı məqsədlə çıxılmasından asılı olmayaraq buraya çıxanların külək, yağış kimi təbii proseslərdən qorunması gərəkirdi. Bu səbəblə belə bir qalaya aparan pilləkənlərin kənar proseslərdən təcrid olunmuş şəkildə tamamilə qapalı tikilməsi vacib məsələ ola bilərdi. Qalanın ilkin tikiliş tarixləri ilə bağlı verilən miladi IV-V əsrə nəzər yetirəndə bu dövrdə barıt və odlu silahın hələ kəşf olunmadığı anlaşılır. Bu zaman dağ ətəyindən “Pəri qalası”na çıxan bir insanı ancaq oxla vurmaq olardı. Belə bir ox zərbələrindən qorunmaq üçün də qalaya aparan pilləkən, tunel və.s hər bir yolun tamamilə kənar müdaxilərə qapalı vəziyyətdə tikilmiş olması da ehtimal daxilindədir.
Bu gün belə “Pəri qalası”na çıxarkən qala ilə üzbəüz havada dairə vuran qartal və şahin kimi yırtıcı quşlara rast gəlirik. Qalanın ilkin halında da buralarda bu kimi yırtıcı quşların havada dövrə vurduqlarını düşünsək, qalaya aparan yolların, pilləkənlərin nə üçün tamamilə üstü açıq tikilmədiyini anlamaq olar. Balaca bir büdrəmə, ya da bu kimi yırtıcı quşların insana hücumu insanın oradan başı-aşağı sıldırım qayalara düşməsi deməkdir. Bütün bu səbəblərə, ya da bizə məlum olmayan başqa səbəblərə görə “Pəri qalası”na qalxan pilləkən və yolların ətrafa qapalı şəkildə tikildiyini deməyə əsas verir. Əmim deyir ki, vaxtiylə biz də bu qalaya çıxanda yüksəkliyə görə qartal və şahinlər adamın üzərinə şığıyırdı. Bir nəfər də hər ehtimala qarşı aşağıda tüfənglə dayanarmış ki, yırtıcı quşlar yuxardakılara zərər verməsin.


Bir sıra mənbələrdə qalanın XIV əsrin sonlarında Cənubi Qafqaza yürüş edən Teymurləngin qoşunlarına şiddətli müqavimət göstərmiş yerli əhalinin əsas istehkamlarından biri olması göstərilir. Əfsanəyə görə, qalaya hücum edən Teymurləngin qoşunlarına qarşı döyüş əməliyyatlarına Pəri adında qadın rəhbərlik edirmiş. Teymurləngə qalanın alınmaz olması haqqında məlumat verirlər. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini, həmin qadını da özünün xanımı edəcəyini bildirir. Lakin Pəri Teymurləngin təslim olmaq barədə təklifini rədd edir. Uzun sürən ağır döyüşlərdən sonra Teymurun əsgərləri qalanı çox çətinliklə də olsa tuturlar. Düşmən əlinə keçməmək üçün Pəri özünü qayadan atır. Ehtimal olunur ki, bu hadisədən sonra məbəd “Pəri qalası” adını alıb.
Bu qala ilkin görünüşünü saxlayaraq dövrümüzə qədər gəlib çata bilmişdir. Qala strateji baxımdan çox mükəmməl yerdə tikilmişdir. Qala dedikdə ilk olaraq təsəvvürümüzdə dörd tərəfdən qala divarları ilə əhatə olunmuş qəsr canlanır. Lakin Pəri qalası tamam başqa memarlıq üslubuna malikdir. Bu qalanın təyinatı haqqında müxtəlif mülahizələr var.
Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə görə, “Pəri qalası” IV-V əsrlərə aid bir qaladır — Sasanilər dövründə inşa olunub. Qala nə qədər möhtəşəm olsa da, oraya aparan yol-cığır elə vəziyyətdədir ki, eyni anda oraya yalnız bir nəfər çıxa, ya da düşə bilər. Əslində bu da qalanın alınmasını çətinləşdirən bir məsələdir. “Pəri qalası”na çıxarkən şahid olmuşduq ki, burada tuneldən pilləkənlərə keçid yerində üstdə bir adamın dayanması belə qalanın muhafizəsi və keçilməzliyini təmin edə bilərdi.
Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su arxı çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin "Fərhad və Şirin" poemasının motivlərini xatırladır. Hələ sovet dövründə, 1980-ci illərdə “Pəri qalası”nın altında Nizami Gəncəvinin yubileyi qeyd olunmuşdu. Bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb. Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma sonradan həmin qəbir sökülüb.
Qalaya çıxan bu tunel hissədə həm yerdə həm də tavanda ağac və ya taxtadan da istifadə olunub. Bərkidilmə yerləri hələ də sağlamdır və bu divarlar tikiləndə qoyulan taxta və ya ağac parçalarına oxşayır. Tarixi mənbələrdə qalanın yaşı ilə bağlı müxtəlif məlumatlar verilir. Əslində burada istifadə olunan və qala ilə yaşıd olan bu ağac və ya taxta parçaları qalanın dəqiq yaşını öyrənməyə kömək edər.

Qeyd edək ki, Yuxarı Çardaqlar kəndindəki “Pəri qalası” Azərbaycanın şimal-qərb bölgəsində turistlərin daha çox axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən hansısa başqa bir ölkədə olsaydı, ora daha çox turist cəlb edərdilər. Ancaq “Pəri qalası”nın həm ölkə daxilindən, həm də ölkə xaricindən gələn turistlər üçün istənilən səviyyədə tanındığını demək olmaz.
İndi isə sizi “Pəri qalası” ilə bağlı bəzi şəkillərlə tanış edirik...
Ən can alıcı yer... Tikilinin üzərindən əsrlər keçdiyi üçün qalaya aparan bəzi yerlərin dağdan ayrıldığını görmək olar.

Qalanın müəyyn hissəsinə qədər aparan və xalq arasında "eşşək yolu" deyilən yerlərdə qayalar əl əməyi ilə yonulmuşdur.

Qaladan qala divarı və qismən Yuxarı Çardaqlar kəndi...

Qaladan qala divarı, Bitti çayı və qismən Yuxarı Çardaqlar kəndi..

Qafqaz dağları...

Pəri qalasının içərisindən ətrafı seyr edəndə iki-üç kəndin sanki əlin içindəymiş kimi görünür.

Pəri qalasından Yuxarı Çardaqlar kəndinin görünüşü. Dağında arxasında Zaqatala şəhəri var...

Qalaya həm çıxanda, həm də düşəndə ən riskli yer. Tutmağa heç nə tapmırsan.

Qeyd: Yazının hazırlanmasında “wikipedia.org” və “suputnik.az”ın materiallarından da istifadə edilmişdir.
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top