Verilən işgəncələrə dözməyərək faciəvi şəkildə həyatını itirən azərbaycanlı şair


İkinci Dünya Müharibəsi potsovet ölkələri üçün iki qat ağır idi. Çünki, hegemon ölkələr bir-biri ilə savaşarkən, eyni zamanda sovet ölkələri öz daxilində qırğınlar törədirdi. Maraqlısı onda idi ki, bu qırğınlarda adi insanlardan çox ziyalı, görkəmli şəxsiyyətlər ya güllələnir ya da sürgünə göndərilirdi. Stalin zülmünün qurbanlarından biri də Azərbaycanın dahi şairi Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyə xanım olur.
Yeniavaz.com
repressiya qurbanı olan Əhməd Cavadın həyatı haqqında məlumatları təqdim edir.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirib. Daha sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb və burada yaşamağa başlayıb. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırıb. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alıb. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Ə.Cavad əmək fəaliyyətinə başlayır. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır. "Qoşma" adlı ilk şeirlər kitabı üç il sonra, 1916-cı ildə çapdan çıxır. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı 1928-ci ildə İstanbulda buraxılıb. 1914-cü ildə kömək üçün 1-ci Dünya müharibəsinə gedən Əhməd Cavad, Türkiyənin ikinci himni “Çırpınırdı Qara dəniz” şerini qələmə alır. 1919-cu ildə isə Azərbaycan Dövlət Himninin sözlərini yazır. Qələmə aldığı şeirlərində, gördüyü işlərdə şairin vətənpərvər olduğu açıq-aşkar görünsə də, o Mircəfər Bağırovun hakimiyyəti illərində Stalin repressiya qurbanlarından biri olur. Ə.Cavad 1923-cü ildə “Müsavat” partiyasına kömək etməkdə ittiham edilir və buna görə həbs edilir.  Lakin, daha sonra bu ittihamlar əsassız sayılaraq azadlığa çıxır. 1925-ci ildə yazdığı “Göygöl” şeiri əksinqilab kimi qəbul edilərək yenidən həbs edilir və şeir Moskvaya göndərilir. Bu zamanda onların istəyi baş tutmur və şeirdə heç bir əskinqilab olmadığı məlum olaraq Ə.Cavad yenidən azadlığa çıxır. Amma Yazıçılar Birliyinin iclasında həmkarları onu əksinqilab əsərlər yazdığı üçün tənqid edirlər. Sözügdən tənqidçilərin arasında şair Səməd Vurğun və başqaları da olub.
Bütün səylər nəticəsində Ə.Cavad 1937-ci il iyunun 4-də həbs edilir. O da digər repressiya qurbanları kimi həbsxanada ağır işgəncələrə məruz qalır. Şair yenə “Müsavat” partiyasının üzvü olmaqda ittiham edilir. Aylar sonra 1937-ci ilin oktyabr ayının 12-də 15 dəqiqə keçən məhkəmədə Ə.Cavadın güllələnməsinə qərar verilir. O, “Xalq düşməni” adlandırılaraq güllələnir. Daha sonra 1956-cı ildə Mircəfər Bağırov şairin aylarla məruz qaldığı işgəncələrdən sonra dünyasını dəyişdiyini etiraf edir. Ə.Cavadın ölümündən sonra onun həyat yoldaşı Şükriyyə xanım da sürgün edilir, 4 oğlu isə əmək koloniyalarına göndərilir.

DİGƏR XƏBƏRLƏR

Top