Xəbər verdiyimiz kimi, yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu gün Azərbaycan Memarlıq və İnşaaat Universiteti iki özəl şirkətlə - "Sirus-LTD" MMC və "Star-179" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 44 min 942 manat təşkil edir. Universitet "Yumuşaq invertalın alınması" üçün "Star-179" MMC-yə 29 min 942 manat, "Digər alış və xidmətlər" üçün "Sirus-LTD" MMC-yə 15 min manat ödəyəcək.
Məsələnin maraqlı və qəribə tərəfi odur ki, hər iki şirkət cəmi 3 ay əvvəl - 22-23 iyul 2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 56, m 105/35 göstərilib. Bunlar azmış kimi hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar - Aslanov Azər Rafiq oğlu.
Qeyd edək ki, dövlət qurumları və özəl şirkətlər arasında baş tutan bu cür "tender oyunu" demək olar ki, tez-tez təkrarlanır.
Məsələn, cəmi 2 gün əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi açıq tenderin qalibi "System House Business Partners" MMC olub. AzTV tenderin qalibi olan şirkətə 1 milyon 980 min manat ödəyəcək. AzTV-nin elan etdiyi tenderin qalibi olan "System House Business Partners" MMC cəmi 2 ay əvvəl - avqust ayının 15-də dövlət qeydiyyatına alınıb. "System House Business Partners" MMC ilə bağlı marqalı məqamlardan biri odur ki, bu şirkət AzTV-nin elan etdiyi tenderdə sənəd qəbulunun başa çatmasına 14 gün qalmış dövlət qeydiyyatına alınıb. Bu həm də o deməkdir ki, AzTV "Televiziya avadanlıqlarının satın alınması və quraşdırılması" ilə bağlı açıq tender elan etdiyi zaman Azərbaycanda "System House Business Partners" MMC adlı şirkət mövcud olmayıb. Şirkət AzTV-nin məlum tenderindən sonra yaradılıb.
Bundan başqa ötən həftə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusunun qalibi olan və ümumilikdə 20 min 877 manat vəsait ayrılan "Sunqalı" MMC, "Copy" MMC və "Langa-LTD" MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.
Bənzər vəziyyət Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında, yəni son 15-20 gün ərzində Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi olan "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC-yə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək. Bu şirkətlər də cəmi bir-neçə ay əvvəl qeydiyyata alınıb.