2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” komandası heyətinə 2 futbolçu cəlb edib.
Yeniavaz.com klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Xocaniyazov yeni klubunda 5, Sadıxov isə 90 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Rusiya “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə klubun əsas və əvəzedici komandalarında çıxış edib . Son klubu Belarus “BATE”si olan müdafiəçi Rusiyanın “Ural”, “Baltika”, “Soçi”, “Amkar Perm” və Danimarkanın “Arhus” komandalarının da şərəfini qoruyub.
Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” və “Torpedo Moskva”nın uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.