Son zamanlar Atatürk parkında aparılan təmir və yenidənqurma işləri zamanı ağacların tam budanması sakinlərin çaşqınlığına səbəb olub. Belə ki, bir çox insan budamanın bu növünün doğru olmadığını vurğulayır.
Yeniavaz.com-un qafqazinfo-ya istinadən məlumatına görə, ağac budanmasının vaxtı və düzgün aparılması ilə bağlı sualları ETSN-nin mütəxəssisi Rəhim İbrahimov cavablandırıb:
- İndiki vaxtda budanma aparılması nə qədər düzgündür?
- Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.
- Budanma necə aparılmalıdır, ağac növünə görə fərq qoyulmalıdırmı?
- Bəli, fərq qoyulmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.
- Havaların isti keçməsi budanmaya təsir göstərirmi?
- Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da məsələyə münasibət bildirib: “İstər ictimai yerlərdə, istərsə də fərdi sahələrdə yaşıllıqların budanması mütəxəssislərin rəy və məsləhətləri nəzərə alınmaqla aqrotexniki qaydalara uyğun həyata keçirilməlidir. Yaşıllıqlarınqorunması üçün vətəndaşlarımızı və bu işlə məşğul olan hər kəsi mütəxəssislərin məsləhətlərinə əməl etməyə və tövsiyələrindən yararlanmağa çağırırıq. Sonda İ.İbrahimova bildirib ki, yaşıllıqlara düzgün xidmət göstərilməsi məqsədilə hər bir vətəndaş Nazirliyin mütəxəssislərinə müraciət edə bilər”.