Rusiya 2019-cu ildə Avropa Şurasına üzvlük haqqını ödəməyəcək.
Bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy açıqlama verib.
“Rusiya baxmayacağı filmə görə bilet almayacaq, ona görə də iştirak etmədiyinə görə ödəniş edən deyil”, - deyə Tolstoy brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməməsinin fəsadları iqtisadi fəsadlardan daha dərindir və təşkilata “zərər” vurur.
Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, rəsmi Moskvanı AŞPA-nın Rusiya nümayəndə heyətinin təşkilata qaytarılması üçün atdığı addımlar qane etmir.
Xatırladaq ki, Rusiyanın AŞPA-dakı nümayəndə heyəti 2014-cü ilin aprel ayında beynəlxalq hüquq normalarının pozulması əsası ilə (Krımın Rusiyaya ilhaq edilməsinə görə) təşkilatda səsvermə hüququndan məhrum edilib.(oxu.az)