364 kilometri 4 saat yarıma gedən Bakı-Gəncə qatarı sürət qatarıdırmı?

Xəbər verildiyi kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı Gəncə Dəmiryolu Vağzalına çatıb. 
Yeniavaz.com saytı xəbər verir ki, qurumun yaydığı məlumata görə, qatar 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edir və standart sərnişin üçün biletin qiyməti 15 manat olacaq.
Adı sürət qatarı olmasına baxmayaraq, qatarın Bakıdan Gəncəyə 4 saata getməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. 
Qeyd edək ki, qatar istifadəyə verilməmişdən əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-ə istinadən məlumat yaymışdılar ki, “Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. 

Türkiyədə Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə gedir. Ankara-Konya qatarı isə 306 km məsafəni 1,5 saata qət edir.

"Afrosiyob" qatarı Daşkənd-Buxara marşurutu üzrə 600 km məsafəni 3 saat 20 dəqiqəyə qət etdiyi bildirilir.
Tanınmış ekspert Osman Gündüz sosial şəbəkədəki səhifəsində yeni qatarlarla bağlı bu qeydləri yazıb: "Bakı-Balakən qatarının orta sürəti 35 km/saat-dır. İndiki zamanda bu, bəzilərinə inandırıcı gəlməz, amma təəssüf ki bu reallıqdır. Bu baxımdan indiki zamanda Bakı-Gəncə sürət qatarında orta sürətin 75 km /saat olması xeyli uğurlu göstəricidir. Əlbəttə, inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağı göstəricidir.Ümid edirəm qarşıdakı illərdə bu sahədə vəziyyət yaxşılığa doğru dəyişəcək. Bakı-Gəncə qatarında adi bilet 15 manat, biznes klass 50 manat və 1-ci klass 100 manat olacaq.
Bakı-Balakən qatarında CV tipli vaqonda (yəni, ADY-nin baxışlarına görə biznes klass) biletin qiyməti 22 manatdır. Son dövrlərdə qiymət 25 % qaldırılıb.
Amma burada hər hansı servisdən söhbət gedə bilməz. 
Servisə yalnız bələdçinin verdiyi isti çay daxildir. (İnternet yoxdur, TV yoxdur, elektrik enerjisi üçün imkanlar yoxdur, sanitar-gigiyenik normalar gözlənilmir, işləmək üçün normal şərait yoxdur, ya hədsiz isti ya da hədsiz soyuq olur və s.)
Odur ki, maraqlıdır, görəsən, ADY Bakı-Gəncə sürət qatarında biznes və 1-ci klass üçün hansı xidmətləri verəcək. Əgər sadalanan bu tip adi xidmətlər verəcəksə, əlbəttə, bu sürətə, bu tip xidmətlərə uyğun qiymətlər xeyli baha görsənir. Hələlik isə bildiyim qədər Bakı-Gəncə qatarında heç adi Wi-Fi belə yoxdur. Yenə də o fikirdə qalıram ki, Azərbaycanın strateji maraqlarına uyğun olaraq, həmçinin də biznes baxımından, Ləki - Qəbələ Dəmir yol xəttinin çəkilişindən daha önəmlisi Balakən-Siteli-Siqaro (Gürcüstan) ola bilərdi.
Balakəndən cəmi 20 - 30 km məsafədə olan Gürcüstanın bu d/y stansiyasına xətt çəkməklə Bakı-Balakən-Tbilisi kimi alternativ və strateji əhəmiyyət kəsb edən daha bir qlobal marşrut əldə edə bilərdik.
Ləki-Qəbələ D/Y xəttindən əldə olunacaq gəlirlər Bakı-Balakən-Tbilisi marşrutunun faydasından üstün ola biləcəkmi?".

DİGƏR XƏBƏRLƏR

Top