2019-cu ilin yanvarından etibarən Türkiyəyə gedən əcnəbi turistlər təhlükəsizliyin təminatı üzrə vergi ödəməli olacaqlar. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunadək əcnəbi turistlər Türkiyədə aeroportların kateqoriyalarından asılı olaraq xidmət vergisi ödəyirdilər.
Yenı yığım barədə Türkiyənin Baş Dövlət Aeroportları İdarəsi məlumat verib. İdarə əvvəlcə təhlükəsizlik vergisinin miqdarını 3 dollar məbləğində müəyyən etmişdi. Lakin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məsələyə müdaxilə etikdən sonra təhlükəsizlik vergisi 1,5 dollara endirilib.
Vergi Baş Dövlət Aeroportları İdarəsinin xidmət göstərdiyi bütün aeroportlarda alınacaq. Axtarış-xilasetmə əməliyyatı çərçivəsində və ya humanitar yardım göstərilməsi üçün Türkiyəyə gəlmiş əcnəbilər bu vergidən azad olunur. Bundan başqa, dövlət başçılarını daşıyan özəl təyyarələrin sərnişinləri də təhlükəsizlik vergisi ödəməyəcəklər.