"Azərsu"dan partlayan boruya çüylü çözüm - FOTOLAR+VİDEO


Dünən Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində su borusunun partlaması barədə Yeniavaz.com saytında məlumat vermişdik. Abay Kunanbayev küçəsi bina 3/33-ün qarşısında baş verən hadisə zamanı suyun təzyiqi o qədər yüksək idi ki, fontanın hündürlüyü binanın 5-ci mərtəbəsinədək yüksəlirdi.

Qeyd edək ki, sözügedən yerdən keçən su xətti çoxdan köhnəlib və demək olar yararsız vəziyyətdədir. Elə buna görə də hər il eyni yerdən bir neçə dəfə deşilir.
Ərazinin müəyyən hissəsini su basandan sonra sakinlər "Azərsu" ASC-yə müraciət edir, onlar da gəlib bir taxta parçasını yonub, deşilmiş yerə çüy, paz vurub məsələni həll edirlər. Bir az keçir, çüy ya çürüyür, ya qırılır və beləcə, su yenidən axmağa başlayır. Bu illər ərzində borunun eyni yerdən deşilməsi o qədər çox olub ki, artıq deşik kifayət qədər genişlənib. Elə ona görə də dünən deşilmiş borudan su daha yüksək təzyiqlə fontan vururdu.

Suyun fontan vurduğunu görən sürücülər avtomobillərini onun altında yumağa çalışırdılar.
Dünən də "Azərsu" ASC-nin əməkdaşları hadisə yerinə gəldilər və həmişə olduğu kimi problemi özünəməxsus şəkildə həll etdilər.
Bu gün Yeniavaz.com saytının əməkdaşı hadisə yerində olub və deşilmiş borunun "təmirdən" sonrakı fotolarını çəkib. Fotodan da göründüyü kimi, "Azərsu" əməkdaşları borunun çürüyüb deşilmiş yerinə taxta parçası vurub və gediblər.

Hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan "Azərsu" görəsən, borunun çürümüş 1 metrlik yerini niyə dəyişmir? Gərək elə mütləq boru bir neçə kilometr dəyişilə? Əgər söhbət vəsaitə qənaətdən gedirsə, onda borunun deşilmiş həmin yerindən fontan vurub axıb kanalizasiya xəttinə tökülən tonlarla içməli suyu manata çevirəndə gör nə qədər vəsait edir? Hər il deşilmiş yerdən axan tonlarla içməli suyun dəyərini manatla hesablayanda görəsən, o borunu neçə dəfə təmir etmək olardı?
Nə isə, görək bu taxta parçası necə ay dözəcək...
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top