Bu il üçün açıqlanan sonuncu məlumatlara görə, Azərbaycanda 326 min 631 nəfər ünvanlı dövlət sosial yardım alır. Bu o deməkdir ki, ölkə əhalisinin (son məlumata görə 9,95 milyon) 3,4%-nin aylıq gəliri onların minimum ehtiyaclarını (130 manat) ödəməyə imkan vermir. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ünvanlı dövlət sosial yardım alanların 43 min 138 nəfəri Bakı şəhərində yaşayır. 2017-ci ildə ünvanlı dövlət sosial yardım alanların sayı ilə müqayisədə bu il Bakı şəhərində sosial yardım alanların sayı təxminən 2 dəfə azalıb. Qeyd edək ki, 2017-ci ildə Bakı şəhərində 83 min 69 nəfər sosial yardım alıb.
Bakıdan sonra insanlar ən çox Masallı rayonunda sosial yardım alırlar - 14 min 251 nəfər. Bundan başqa Lənkəran şəhərində sosial yardım alanların sayı 13 min 860 nəfər, Cəlilabad rayonunda 11 min 128, Sumqayıt şəhərində 10 min 687, Gəncə şəhərində 9 min 807, Xaçmaz rayonunda isə 8 min 710 nəfər olub.
Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xocalı (23 nəfər), Şahbuz (82 nəfər), Xocavənd (96 nəfər), Sədərək (202 nəfər), Kəlbəcər (91 nəfər), Ordubad (235 nəfər) rayonları və Naftalan şəhəri (343 nəfər) dayanır.