Tanınmış təhsil eksperti Etibar Əliyev sosial şəbəkədəki səhifəsində "Space" Televiziyasının rəhbəri Vaqif Mustafayevə yarızarafat-yarıciddi açıq məktub ünvanlaması barədə məlumat vermişdik. Etibar Əliyev məktubunda Elçin Əlibəylinin verilişinin əvəzinə efirdə hind filmləri verilməsini xahiş edib: "Əlibəyli yoldaşın verilişlərində həmişə dava düşür. Ancaq davalı, sevgili hind filmləri bundan daha maraqldır".
Onun bu təklifi isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Yeniavaz.com saytının əməkdaşı teleaparıcı Elçin Əlibəylidən bu fikirlərə münasibət öyrənməyə çalışıb. Teleaparıcı: "Mən bununla bağlı feysbuk səhifəmdə cavab yazmışam. Gəlin buna bir də vaxt sərf etməyək. Təxəllüsü "dollar Etibar" olan şəxsə cavabım orada var".
Sosial şəbəkədə belə fikir də yayılıb ki, guya Elçin Əlibəyli aparıcısı olduğu verilişin çəkilişi başlamamış qonaqlara bir-birinə mübahisə etmələri barədə tapşırıq verir və deyir onda daha baxımlı olur. Bəs bu iddia nə dərəcədə doğrudur? Teleaparıcı bu suala belə cavab verib: "Verilişə qonaq gələn adamlar uşaqdılar, yoxsa baxçada oxuyurlar mən onlara nə isə öyrədim? Onu yazan da elə o ağıldadır. Ona görə də mən normal qəbul edirəm, patoloji xəstələr haqqında fikir bildirmirəm".
Elçin Əlibəylinin sosial şəbəkədə paylaşdığı Etibar Əliyevə cavabı qısa ixtisarla təqdim edirik: "Etibar Əliyev adlanan şəxsdə problemlərin olması çoxdan bəllidir. Təhsil Nazirliyindən də elə buna görə uzaqlaşdırılıb. Özü dəfələrlə mənim verilişlərimdə olub və haray-qışqırıq salıb (video sübutlar var). İndi isə təhsil eksperti kimi özünü təqdim edən bu şəxs sahəsindən xəbərsiz olduğu və köhnə məlumatlarda ilişib qaldığı üçün maraqsız müsahibdir deyə verilişə dəvət almır. Orada başqalarını görüb qıcığından bilmir nə yazsın. Bir müddət məmur və deputatlara şər yazılar yazıb, dolanan "ekspert" lazımsızlıq xəstəliyinə düçar olub. Ona şəfa diləyirəm".
Etibar Əliyev də sosial şəbəkədəki səhifəsində Elçin Əlibəylinin ittihamlarına cavab verib: "Teleaparıcı kiçik bir statusda bir neçə yalan yazıb. 1-ci yalan. Elçin Əlibəyli yazır: "Ddəfələrlə mənim verilişimdə olub haray-qışqırıq salıb". Mən 1 dəfə Əlibəylinin verilişində olmuşam. Orda dərhal əmin olmuşam ki, bu adamın psixi durumunda ciddi problemlər var. Həmin verilişə dəvət olunan Hafiz Hacıyev bu biəmələ təhsil dərsi keçdi. Nizami adlı bir məktəb direktoru isə ona elə təpindi ki, dili topuq vurdu. Həmin verilişi səhifəsində yerləşdirsin. 2-ci yalan. Yazır: "Köhnə məlumatlarda ilişib qaldığı üçün verilişimə dəvət almır". Utanmırsan! Yaddaşın dəniz dovşanının yaddaşından da qısadır? (professor E. Kandel "qısa yaddaşı" dəniz dovşanının üzərində apardığı tədqiqatda kəşf edib). Təxminən 3 ay bundan əvvəl göndərdiyin dəvəti qısa yaddaşına saldın! Biləsən, verilişinə ona görə gəlmədim ki, sənin təhsil haqqında bilgilərin kollec tələbəsindən də aşağı səviyyədədir. Və sənin kimi adamlar təhsilə məzhəkə kimi baxırlar. 3-cü yalan. Yazır: "Bir zaman məmur və deputatlara şər yazılar yazıb, dolanan ekspert lazımsızlıq xəstəliyinə düçar olub. Bir deputat, yaxud bir məmur lap elə sənin səhifəndə bu dediklərini təsdiqləsə, səndən üzr istəməyə hazıram. Bu adam əməllərinə görə özünü "kliniki ölümə" salıb. Bunun yeganə istedadı budur. Bəlkə haqqında nüfuzlu saytlarda dərc olunan bu məlumatı da "qısa yaddaşına" atıbsan? Təklif edirəm ki, apardığın verilişlərin birini "Dələduzluq" mövzusuna həsr edəsən. Səni ifşa etmək üçün bu verilişə gələrəm".