“İbtidai sinif müəllimləri Musiqi, Rəsm, İnformatika dərsi keçə bilməzlər, amma deyirlər" - Ekspert


Azərbaycanda bəzi məktəblərdə ibtidai sinif müəllimləri Musiqi, İdman, Rəsm, Bədən tərbiyəsi fənlərini də tədris edirlər ki, bu da bir çox valideynləri narazı salır. Həmin valideynlərin qənaətinə görə, ibtidai sinif müəllimlərinin bu fənləri tədris etmələri dərslərin keyfiyyəti aşağı salır, bu sahə üzrə qabiliyyəti olan uşaqların inkişafına mane olur. Hətta Musiqi, Rəsm, Bədən tərbiyəsi dərslərində digər fənləri keçən müəllimlər də var. Bəs bu nə dərəcədə doğrudur?
Təhsil eksperti Kamran Əsədov Yeniavaz.com-a açıqlamasında bunun qanunvericiliyə zidd olduğunu bildirib: “İstər Azərbaycanda, istər dünyada bir var ümumi fənlər, bir də var xüsusi fənlər. Xüsusi fənlər bunlardır – Ana dili, Riyaziyyat, Məntiq, bu tipli fənlərin bir müəllim tərəfindən ibtidai sinifdə tədrisi aparıla bilər. Çünki ibtidai sinifin tədris proqramında bu ilkin bilik və bacarıqlar həmin müəllimə öyrədilib. Amma xarici dil, İnformatika, Rəsm kimi fənlər həmin ümumi fənləri aparan müəllimlər tərəfindən həyata keçirilə bilməz. Yəni heç bir halda icazə verilmir ki, xarici dil fənnini həmin ibtidai sini müəllimi aparsın, Rəsm dərsini aparsın, İnformatika, Bədən tərbiyəsini keçsin.
 “Həyat bilgisi” dərsliyi isə mübahisəli mövzudur. Bəzi hallarda icazə verirlər ki, ibtidai sinif müəllimləri bu fənni tədris etsinlər, amma buna da icazə yoxdur.
Çünki orada fundamental dəyərlər, əxlaq qaydaları, gigiyenik qaydalar öyrədilir və bu ibtidai sinif müəllimləri tərəfindən həyata keçirilə bilməz. Birmənalı şəkildə deyirəm ki, ilkin oxu və yazı qaydalarının formalaşdırılması məhz ibtidai sinif müəlliminin metodikasına daxil olduğuna görə ancaq o fənləri tədris edə bilər. Digər saydığım xüsusi fənləri isə heç bir halda ümumi müəllim tərəfindən həyata keçirilə bilməz və bu qanunvericiliklə tənzimlənir. Ola bilər ki, bəzi məktəblərdə kadr çatışmazlığına görə, halbuki bu yanlışdır, edirlər. Bəzən məktəb direktorları özləri vakansiyanı gizlədir, yaxud az saat göstərilir, vakansiyaya verilmir, nəticədə o fənləri də qeyri-ixtisas müəllimləri deyir. Saydığım 3 fənn heç bir halda digər ixtisas müəllimləri tərəfindən tədris edilə bilməz. Bu, avtomatik olaraq keyfiyyətin aşağı düşməsi ilə nəticələnir”.
Kamran Əsədov bildirib ki, ümumi fənn müəllimləri xüsusi, fundamental, qabiliyyət və bacarıq tələb edən fənləri tədris edə bilməzlər: “Rəsm, Musiqi, İnformatika, yəni bunlar təkcə bilik tələb etmir, eyni zamanda bacarıq, qabiliyyət tələb edir. Qanunvericilikdə bütün bunlar tənzimlənir. Təəssüf ki, bir çox məktəblər həmin vakant yerləri gizlədirlər,  nəticədə bir müəllim bir neçə fənni keçir.
Bu, 90-cı illərdə də belə idi. Məsələn, elə mənim doğulduğum rayonda bəzi məktəblərdə bir müəllim Tarix fənnini də keçirdi, Coğrafiyanı da, Rus dilini də. O dövr gedib, bizim kifayət qədər – 151 min müəllim ordumuz var.
Təsəvvür edin, 4500 məktəb var, 1,6 milyon şagird var, 151 min müəllim var. Təhsil Nazirliyinin 120 işçisi bu qədər geniş kontingenti idarə, nəzarət edə bilməz. Bunun yeganə çıxış yolu sistemin elektronlaşdırılmasıdır. Təhsil sistemi Afrikadakı cəngəlliklər qədər qarışıqdır. Bunu ancaq təhsilin içindən çıxan, ibtidaisindən alisinə qədər işləmiş şəxslər bilə bilərlər. Məsələn, əslində diaqnostik qiymətləndirmə nəticəsi 8 bal olan müəllimə 8 saatdan artıq dərs verə bilməzlər, amma bunlar 18 saat dərs verirlər, həmin vakant yeri gizlədirlər. Əslində həmin dərs saatını tədris etməyə başqa müəllim gəlməli idi, amma direktorlar gizlədir. Bunun hamısını nazirlik görə bilməz axı. Gərək bir-bir məktəbləri gərək gəzəsən, bu da fiziki olaraq mümkün deyil.
Təkcə Bakı şəhərində 317 məktəb var. Siz hər bir məktəbdə bu vakansiyanı çıxarmaq üçün ən azı 10 gün vaxt sərf etməlisiniz. Hətta bütün kadrlar cəlb edilsə belə, bunun hamısını müəyyənləşdirmək olmayacaq. Deməli, məsələ qalır müəllimin, direktorun vicdanına”.

DİGƏR XƏBƏRLƏR

Top