"Milyonluq bina tikilib, amma gömrük postunda işçilər vaqonda oturur" - İTTİHAM


İctimai fəal, tanınmış ekspert Osman Gündüz Mazımçay Gömrük-Sərhəd Buraxılış məntəqəsində gördüklərindən narazı qalıb. Yeniavaz.com xəbər verir ki, ekspert bu barədə qeydlərini sosial şəbəkədəki səhifəsində bölüşüb.
"Yenidən Balakəndəki Mazımçay Gömrük-Sərhəd Buraxılış məntəqəsindən istifadə etməklə Gürcüstana keçdim.
Vəziyyət belədir:
1. Məntəqəyə çatanda nəhəng darvazaların qarşısında heç bir maşın yox idi, lakin qapılar açılmadı. 10 dəqiqə gözləyəndən sonra arxada növbə yarandı, sərhədçi yaxınlaşıb mənim kənara çəkilməyimi və TIR maşının buraxılmasını istədi. Təbii ki, imtina etdim. Çox cəhd elədi, xeyri olmadı.
Güman ki, növbə rəisinə zəng etdi. Oradan bildirdilər ki, belədirsə, hamı gözləsin.
Nəhayət, 15 dəqiqədən sonra darvaza açıldı və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı pasportları yoxlayıb bizi buraxılış məntəqəsinə istiqamətləndirdi.
2. Buraxılış məntəqəsinə yaxınlaşdıq. Yenə də təkrar yoxlamalar, yəni eyni proseduraları, eyni yazı-pozunu Dövlət Gömrük Komitəsinin (DGK) və DSX yerinə yetirir.
Prezident fərmanında qeyd olunandan, elə Gürcülərdən də fərqli olaraq, bizim buraxılış məntəqəsində 2 pəncərə var.
Hər iki pəncərədə işimizi bitirib yaxınlaşdıq çıxışa. Yenə DSX, darvaza və şlaqbaum və yeni proses.
3. DSX əməkdaşı yenidən pasportu yoxlayır və darvazalar açılır. Soruşuram ki, axı pasportları yenicə yoxlayıblar, deyir "mənim təlimatımda belə yazılıb".
4. Gürcüstan tərəfdə birbaşa yoxlama zonasına daxil olduq. Yoxlama 4 dəqiqə çəkdi. Əvvəllər 2 dəqiqə olurdu. Bu dəfə gürcü tərəf maşının etibarnaməsinin tərcüməsini soruşdu, amma buraxdı və bununla bağlı qarşıda problem ola bilər deyə mesaj da verdi.
Beləliklə, sərhəddə yaxınlaşanda, baxmayaraq ki, növbədə heç bir maşın yox idi, Gürcüstan tərəfə keçmək üçün bizim gömrük-sərhəd buraxılış məntəqəsində təxminən 30-35 dəqiqə vaxt sərf etdim.
Bunu, hər iki qurumun rəhbərliyi öz video nəzarət sistemlərində yenidən müzahidə edə bilərlər.
Müşahidələrim və əlavə qeydlər :
1. Ötən dəfə yazdıqlarımdan sonra bura gömrük və sərhədin bir neçə generalının gəldiyini bildirdilər. Buradakı hər iki qurumun rəisləri işdən çıxarılıb. Lakin ciddi dəyişikləri hələlik görə bilmədim.
2. DSX və DGK-nın sənədləşmə və baxış proseslərində təkrarçılıq hələ də qalır.
Mərkəzlə fiber optik internet bağlantısında bəzən problem olduğu bildirilir, hansıki bu da ləngiməyə təsir edir.
3. Rüşvət yoxdur və birmənalı olaraq yığışdırılıb.
4. Giriş-çıxış sənədləşmə prosesinin hər ikisi yenə eyni bir yerdədir.
5. Yenə də hər iki qurumun əməkdaşları adi bir vaqonun içinə sığınıblar, milyonlarla vəsait hesabına tikilən binadan effektiv istifadə olunmur. Bina tikiləndən "Gözləmə zalı"nının qapısı açılmayıb.
6. Piyadalar yenə də 800 metr dağa dırmaşırlar.
7. TIR-lar və digər bütün maşınlar eyni yerdən keçirlər və eyni pəncərələrə yaxınlaşırlar.
8. Gömrük ərazisindəki "Duty Free"də məlum oldu ki DGK göstəriş verib, Azərbaycan tərəfə daxil olanlara siqaret və içki satıla bilməz.
9. Azərbaycan tərəfdən Mazımçay istiqamətinə olan magistral yol yüksək səviyyədə təmir olunub, tamamilə yenidən qurulub.
Təəssüf ki, bu yalnız Balakən və Zaqatala ərazisini əhatə edir. Şəki və Yevlax şəhərlərinədək olan magistral yol uzun müddətdir bərbaddır",-deyə O. Gündüz vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top