
Azərbaycanda keçirilən Beynəlxalq Tennis Turnirində iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə əsilli Almaniya vətəndaşı Sinan Yiginin şikayətləri ilə bağlı məlumat vermişdik. Sosial şəbəkədə də müzakirə mövzusuna çevrilən bu ittihamlarla bağlı Yeniavaz.com saytı Bakı Tennis Akademiyasının müdir müavini Salam Əsgərəlizadədən münasibət öyrənib.
Maraqlıdır ki, Salam Əsgərəlizadə ittihamlarla razılaşmayıb, hətta qarşı tərəfi qərəzli olmaqda ittiham edib.
Sinan Yigin bildirmişdi ki, Heydər Əliyev adına Beynəlxaq Hava Limanından həm onu, həm də fransız tennisçini "Anatolia" otelinə gətirmək üçün hər birindən 50 manat alıblar.
Sinan Yiginin digər şikayəti "Anatolia" otelində 2 nəfərin qala biləcəyi otağın qiyməti ilə bağlı idi: "Bakıya gəlməmişdən öncə internetdə otelin qiyməti ilə maraqlandım, 78 manat olduğunu müəyyənləşdirdim, ancaq burada bizə dedilər ki, həmin otağın qiyməti 70 avrodur".
Sinan Yigin turnirdə iştirak edən oğlu Tennis Akademiyasında məşq etdiyi yerə görə pul alınmasından şikayətlənmişdi: "Tennis topu istədik, bir neçə köhnə top verdilər. 30-40 dəqiqə oynadıqdan sonra topları qaytarıb depozit qoyulan pulu götürmək istədikdə, deyiblər ki, bu toplar köhnədir, pulunuzu qaytarmayacağıq".
Bakı Tennis Akademiyasının müdir müavini Salam Əsgərəlizadə isə Sinan Yiginin ittihamlarına belə cavab verib: "Sinan yaxınlaşdı və ona təzə top verdilər. Onlara deyilir ki, bu topu götürürsünüz, qaytaranda da depozit qoyduğunuz pul geri verilir. Ancaq topları götürüb qoyurlar çantalarına, sonra başqa bir növ topu bizə verirlər. Köhnə toplar çoxdu hər yerdə. Topu verən adam da ona dedi ki, mən sənə başqa növ top vermişəm, sən isə "Wilson" topu qaytarırsan. Sənə verdiyim malı qaytar, pulunu al. O da dedi ki, nə fərqi var, topu verirəm də, bu da topdur. Ona bildirdi ki, sənə nə veriblərsə, onu qaytar. Cavab verdi ki, bu düzgün deyil, ümumiyyətlə, pul alınmamalıdır. Soruşdum axı niyə? Bu adam hamıya belə top vermiş olsa, pulu çatmaz. Düzdür, turniri keçirən mən deyiləm, amma mən o işin içində olmuşam".

Məşq edilən korta görə pul alınmasına gəlincə, Salam Əsgərəlizadə bunları deyib: "Baş hakimin yanında cədvəl var və orada qeyd olunur ki, kim saat neçədə oynayacaq. 4 kort verilir onlara, bundan artıq nə istəyirlər? Niyə pul almamalıyıq? Onlar girib bağlı kortda oynayıblar. Dedim "əfəndim", bu kortlarda yarış keçirilmir, yarış açıq kortlardadır. Dedi gedib şikayət edəcəyəm. Cavab verdim ki, buyur, edə bilərsən, bu sənin bir vətəndaş kimi hüququndur, ancaq dediyində haqq yoxdur. Deyir heç yerdə belə bir şey yoxdur. Soruşdum bəs onda turniri niyə keçirirlər? Ona görə keçirirlər ki, pul qazansınlar.
Məlumat üçün onu da bildirim ki, Tennis Akademiyasında 11 kort var: 6-ı açıqdır, 5-i bağlı. Bu 6 kortdan 4 kort məşq üçün verilir. Müəyyən saatlarda, məsələn, 4-dən 6-ya kimi. İdmançılar yazılır, gəlib oynayırlar. Onlar isə xəbər vermədən girib bağlı kortda oynayıblar, deyir pul niyə verməliyəm? Gedib hardasa gəzirlər, kef edirlər, sonra gəlirlər ki, bizə kort verin. Deyirəm yaxınlaşın baş hakimə, ondan götürün".
Müdir müavini Sinan Yiginin övladına pulsuz yemək üçün qəbz verilməməsi barədə dedikləri ilə də razılaşmayıb: "O boyda yalan danışmasın də. Heç olmasa, insafı olsun. Bu yarışda iştirak etmək üçün 64 nəfər uşaq gəlib - 32 qız, 32 oğlan. Hamısı öz çeklərini aldılar, bir bunları süründürdülər? Kafe buradadır, hamısına da talon verilir, gedib otururlar, pulsuz yemək verirlər, pulsuz maşın verirlər, pulsuz qalmaq yeri verirlər".

Salam Əsgərəlizadə Yeniavaz.com saytında yayımlanan müsahibəni oxuduğunu bildirib: "Onun verdiyi müsahibəni oxumuşam, amma məndə telefonu yoxdur, zəng edib deyərdim ki, qadası, "Anatoliya" oteli sənə otağı verib, istəmirsən, burda tanışın var, get ev tut, 100 manata ucuz yerdə qal. Turnir keçirilən otel oradır - yemək verilir, avtobus verilir, başqa nə istəyirsən? Top verilir, qaytarmaq şərti ilə. O, mənə demədi ki, gedib müsahibə verəcəyəm, dedi ki, düzgün etmirsiniz. Soruşdum nəyi düzgün eləmirik? Onun uşağına çox güclü idmançı rəqib düşdü və elə birinci dəfədən uduzdu və dilxor oldu. Əgər sən Azərbaycana gəlirsənsə, pul xərcləməyəcəksən? Onun yarışa gələn uşağına hər şey pulsuzdur. Uşağının yanında 10 nəfər gəlsəydi, hamısına havayı olacaqdı? Dünyanın heç bir yerində belə bir şey yoxdur".
Bəs onda şikayətçidən hava limanından otelə gəlməyə görə niyə 50 manat gedişhaqqı alınıb? Salam Əsgərəlizadə sualımıza belə cavab verib: "Sinan transfer sifariş edib, gəlib onları Hava Limanından götürüblər. İstənilən yerdə, məsələn, mən Almaniyaya əməliyyata getdim, transfer məndən 300 avro aldı. Mən bilmirdim, mindim transferə və gəldim, sonra baxdım ki, elektriçka işləyir, 10 avro versəm, gələ bilərdim. 6 aydan sonra gedəndə transfer sifariş etmədim, mindim elektriçkaya və getdim. Taksidir də, bilmirsiniz necə edir? Hava Limanında avtobuslar var, Bakı Tennis Akademiyasının ünvanı da göstərilir, min ona, gəl. Bəs bilmirsən ki, çörək alacaqsansa, pulunu verməlisən? Havayı çörək var, havayı taksi var? Sinan mənə deyir hər şey "para" ilədirmi Azərbaycanda? Dedim Almaniyada "para"sız bir şey var? Mən Almaniyada əməliyyat olunmuşam, sağ olsunlar, ancaq hər addımda pul vermişəm. Almaniyada guya tennislə havayı məşğul olurlar? Mən bilmədim ki, o, gedər müsahibə verər. Gərək Sinan müsahibə verəndə bir nəfər də bizdən çağıraydınız. Deyirdi ki, biz daha bura gəlməyəcəyik, ancaq müsahibəsində bildirir ki, yenə gələcəyəm. Birtəfərli çıxış edib, sağ olsun".