Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının qərarı ilə Cəmil Quliyev İTV-nin baş direktoru vəzifəsindən azad edilib və Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
Yeniavaz.com xəbər verir ki, İTV-nin yeni baş direktoru seçilən Balakişi Qasımov Vergilər Naziri Mikayıl Cabbarova yaxınlığı ilə seçilir.
Məlumat üçün bildirək ki, Balakişi Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 1 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə təhsil alıb.
Vaxtı ilə Mikayıl Cabbarovun da iştirakçısı olduğu "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.
Balakişi Qasımov həm Badminton, həm də Qılıncoynatma Federasiyasialarının vitse-prezidenti olub.
Qeyd edək ki, Balakişi Qasımov hər iki posta bu Federasiyasiaların prezidenti olan Mikayıl Cabbarov tərəfindən təyi olunub.
Onu da bildirək ki, Balakişi Qasımov eyni zamanda "Gametv.az" prodüser mərkəzinin rəhbəridir.
Eyni zamanda Azərbaycan İntellektual Klublar Assosiasiyasının təmsiçisi kimi Gənclər Fondunun maliyyə dəstəyi ilə "Nə? Harada? Nə zaman?" üzrə tələbələrarası çempionat təşkil edib.
Balakişi Qasımov Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının işçi qrupunun da tərkibində yer alıb.
Balakişi Qasımovla bağlı maraqlı məqamlardan biri isə 2011-ci ildə Prezident İlham Əliyevlə müxtəlif sahələrdə uğurlar qazanan bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrinin görüşü zamanı etdiyi çıxış olub. Həmin görüşdə çıxış edən Balakişi Qasımov Prezident İlham Əliyevdən "boş vaxtınız olanda hansı kanalları izləyirsiniz, hansı qəzetləri, jurnalları oxuyursunuz?" deyə soruşmuşdu.
Prezident İlham Əliyev isə bu sualın cavabında bildirib ki, mən daha çox pultla işləyirəm: "Ona görə bəzi hallarda verilişlər elədir ki, pult həmişə əlinin altında olmalıdır. Mən axtarışdayam, belə desəm daha düzgün olar".