"Hamı mənə deyirdi ki, qız hara, futbol hara"

Mingəçevirdə qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Komandannın baş məşqçisi İlqar Hüseynov bildirdi ki, ölkəmizdə bir sıra idman növləri inkişaf mərhələsindədir: "Ancaq qızlar arasında futbol komandası demək olar ki,yox dərəcəsindədir. Bölgələrimizdə qızların futbola marağı olduğunu görürdüm. Bu komandanı yaradanda hamı mənə deyirdi ki, qız hara, futbol hara. Mən inanırdım ki, nəsə alınacaq. Düzdür, futbola ən çox kişilər maraq göstərir, amma mənim yaratdığım qız futbol komandası heç də kişilərdən geri qalmır".

“Son illər qadınlar da futbol oynamağa başlayıb. Xanımların bacarıqları ənənəvi kişi oyunu sayılan futbolda da üstün mövqeyə sahibdir. Azərbaycanda Prezidentin fərmanı əsasında qızlardan ibarət futbol klubları yaradıldı. Ona görə də bütün bölgələrdə təhsil şöbələrinə və idman komitələrinə məktub əsasında müraciət olunub və onun əsasında biz Mingəçevirdə 2010-cu ildə ilk qadın futbolunu yaratdıq. 2013-cü ildə Azərbaycanda "Mançestr" festivalı olub, həmin festivala respublikamızdan 1300-dən çox uşaq cəlb olunmuşdu. Qızlardan ilk qadın futbolçu, mənim yetirməm Mirzəliyeva Nigar olub və Nigar ay yarım "Mançestr Yunayted" klubunda məşğul olduqdan sonra yenidən Azərbaycana qayıtdı. Hazırda o, Azərbaycan yığmasının üzvüdür. Bizim qızlar Azərbaycan birinciliyində oynadılar və həmin il qələbə qazandılar. Millidə 17 yaşlılar arasında 3 yetirməm oynayır, onlardan Mirzəliyeva Nigar, Əliyeva Nərgiz və Əliyeva Coşqunədir. Hal-hazırda 13 və 16 yaşlılar arasında Azərbaycan birinciliyi gedir . 13 yaşlılar arasında komandamız 6 oyundan 5 qələbə, bir məğlubiyyətimiz var. İkinci yerdəyik. 16 yaşlılar isə bu il geriləyiblər baxmayaraq ki, bəzi oyunçularımız başqa klublarda oynayır, ona görə də bura gələn qızların əksəriyyəti yenidirlər. Hazırda yaxşı oynayan qızları Azərbaycanın yığmasına hazırlayıram. Onlardan Mirzəlizadə Təranə 2 saylı Mingəçevir məktəlisidir, Mirzəliyeva Sevinc isə Mingəçevir 3 saylı məktəbin şagirdidir. Digər orta məktəblərin şagirdləri də var, onlar da məşqlərdə iştirak edirlər”. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top