Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün növbəti 2 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.
"Yeniavaz.com" xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı paylaşıb.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:
“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.
Politoloq şərtləri şərh edib və çox ağır şərtlər olduğunu deyib:
“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür. Digər iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.
E.Şahinoğlu deyib ki, bununla bağlı geniş təhlil hazırlanır.