Mətbuatın kriminal avtoritetlərə yanaşma tərzi nə qədər doğrudur?

Son vaxtlar mətbuatda, mediada “oğru” aləminin nümayəndələri, avtoritetlər haqqında geniş məlumatlar yayılmaqdadır. Məsələn, bu günlərdə “qanuni oğru”, Lotu Quli ləqəbli Nadir Səlifovun azadlığa çıxması, Bakı-Astara qatarının xüsusi təyinatlı vaqonunda paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması, Gəncədə çayxanada baş vermiş atışma və s. olaylar geniş müzakirə olunmaqdadır.

Cəmiyyətdə bu məlumatlar böyük maraqla izlənilsə də, bir çoxları, hətta jurnalistlərdən də bəziləri öz həmkarlarını qınayaraq bu cür məlumatların əslində mətbuatda yayımlanmasının doğru olmadığını, insanlara, xüsusən də yeniyetmə və gənclərə psixoloji olaraq təsir etdiyini, beləliklə də onları avtoritet aləminə təhrik etdiyini qeyd edirlər.

Lakin onu da unutmaq olmaz ki, Azərbaycanda Sovet dövründən bu günə qədər “qaçaqlar”a, “oğru” aləminin nümayəndələrinə, “lotular”a, avtoritetlərə böyük maraq olub.

Hətta müstəqilliyin ilk illərindən başlayaraq “oğru” aləminin nümayəndələrinin həyatı, olayları haqda silsilə yazılar, kitablar dərc edilib, filmlər çəkilib. Və gizlin deyil ki, bir çox insanlar şəxsi problemlərinin həlli üçün hüquq-mühafizə orqanlarına deyil, məhz avtoritetlərə pənah apararaq, onlardan kömək umublar.

Aparılan araşdırmalardan da belə məlum olur ki, oxucular xəbər portallarında, saytlarda daha çox avtoritet, kriminal xəbərlərə maraq göstərir, izləyir. Bəs mətbuatda avtoritetlərlə bağlı yazıların dərc olunması nə dərəcədə etik və doğrudur?

Media eksperti Zeynal Məmmədli bu cür yazıların işıqlandırılmasının yolverilməz olduğunu dedi: “O şəkildə ki, bizim mətbuatda gedir, doğru deyil. Kriminal aləminin jurnalistlər tərəfindən bu dərəcə işıqlandırılması səhvdir. Çünki bu insanları avtoritet aləminə təhrik edir, maraq oyadır, həvəsləndirir ki, avtoritetlər kimi məşhur olsunlar. Keçən əsrin ortalarında “qanuni oğru” adlandırılan insanlarla bağlı mahiyyət ondan ibarət idi ki, xüsusi xidmət orqanları kommunist rejiminə qarşı ümumxalq nifrətini azaltmaq üçün kriminal aləminin nümayəndələri ilə sazişə girmişdi. Və onların nüfuz qazanmasında dövlət orqanlarının da rolu var idi. Bununla bağlı müxtəlif araşdırmalar var. Bütün araşdırmalar az və ya çox bu fikri dəstəkləyir. Amma gəlin indi nəzərə yetirək görək ki, mətbuatda “qanuni oğrular”la bağlı yazılarda nə ortaya çıxır? Axı avtoritetlərlə bağlı yazıların cəmiyyətə nə xeyri var? Bu yazıları oxumayan insanlar nəyi itirir? Əgər bu yazılar maraq xatirinə verilirsə, onda hansısa şou tipli tədbirlərdə zarafatla onların davranışlarını, jarqonlarını təqlid etmək olar. Və nəticə etibarı ilə onları şöhrətləndirmək deyil, bu yolun çox pis olduğunu və şərə xidmət etdiyini göstərmək lazımdır. Düşünməliyik ki, mətbuatda bu cür yazıları işıqlandırmaqla biz nəyi örnək veririk? Yox əgər mətbuat bu yazıları əyləndirmək üçün verirsə, deməli peşəkarlıq krizisi var. Əgər maraqlandırmaq üçün verilirsə, onda avtoritetləri şöhrətləndirir. Birmənalı olaraq bu, yolverilməzdir”.

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud isə mövzuya bu cür şərh bildirdi: “Oğru aləmi” ilə bağlı nə zaman mövzu işıqlandırılıbsa, insanlar, qarşı tərəf elə düşünüb ki, bu insanları qəhrəman kimi qələmə vermək, gənclərə nümunə göstərmək olmaz. Amma bu, bir danılmaz faktdır ki, avtoritetlər, onların yaşayış tərzi, keçdikləri yol həmişə cəmiyyətin əsas maraqlandığı mövzulardan biri olub. Bu, təzə məsələ deyil, tarixən də belə olub, indi də belədir. Onlar haqqında kitabları biz yazmamışıq ki... 20 ildir ki, onlar haqqında kitablar yazırlar, barələrində əfsanələr dolaşır. Cəmiyyət həmişə onlara maraq göstərir, onları sanki ədalət carçısı, qanunu qoruyan insan kimi görüblər. Buna görə də düşünürəm ki, avtoritetlərdən yazmaq normaldır, maraqlıdır. Üstəlik, bu haqda təkcə biz deyil, dünyanın hər yerində yazırlar, işıqlandırırlar. Məgər Amerikada, İspaniyada və digər ölkələrdə avtoritet yoxdur? Bütün dünyada məşhur avtoritetlər var və həmin ölkələrin mediaları da onlarla bağlı xəbərləri tirajlayır”.

Avropa.info saytının rəhbəri Ruslan Bəşirli isə bu məsələni daha fərqli mövqedən şərh etdi: “Biz media mənsubları olaraq xəbər istehsalı ilə məşğuluq. Kriminal aləmlə bağlı xəbərlər isə mən deyərdim ki, hər kəs üçün maraqlıdır. Bu, bütün dünyada belədir. Azərbaycana gəlincə, deyək ki, iki məhbus qaçıb, bunu mətbuat necə işıqlandırmasın? Bu xəbər verilməyəcəksə, bunun nəyi qəzetçilik oldu? Və yaxud da 21 ildir, həbsdə olan və postsovet məkanının ən nüfuzlu "qanuni oğru"su azadlığa çıxır. Mətbuat nə etsin? Durub prosesi kənardan izləsin? O ki, qaldı bu informasiyaların guya gənclərdə kriminal aləmə həvəs oyatmasına, bu, mətbuatdan daha çox ailədə, məktəbdə, cəmiyyətdə yaşanan problemdir. Baxın mən özüm gənc yaşlarımda, 27 yaşımda həbs olunmuşam. Və 7 il kriminal aləmin ən öndə gedən "zon"larından birində cəza çəkmişəm. Həbs müddətimdə 1 gün də olsun, məndə kriminal aləmə maraq yaranmayıb. Amma hər zaman həbsxanadan nə zaman çıxıb, normal həyatıma dönəcəyim haqda fikirləşmişəm. Yəni bu insanın ailədə, məktəbdə aldığı tərbiyədən də çox asılıdır. Media isə bu tipli xəbərlərdən qaça bilməz. Amma çalışmaq lazımdır ki, kriminalla bağlı xəbərlər daha çox cəmiyyətə informasiya ötürmə yönümlü olsun. Yəni təbliğat xarakterli olmasın. Düşünürəm ki, son baş verən proseslər zamanı da mətbuat yalnız cəmiyyətə xəbər ötürürdü. Bu xəbərlərdə konkret olaraq cinayət aləmi təbliğ olunmurdu. Hər halda izlədiyim ciddi media orqanlarında mən mənfi tendensiya sezmədim. Ona görə də bu tipli xəbərlərin gənclərin tərbiyəsində hər hansısa mənfi tendensiyaya səbəb olacağını düşünmürəm”.musavat.com

DİGƏR XƏBƏRLƏR

Top