Psixoloq: "Onların qardaşları utandıqlarından evdən çıxa bilmirlər" MÜSAHİBƏ

Xəbər verildiyi kimi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın daxili işlər naziri Ramil Usubova məktub yazıb. N. Mujnieks Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsini istəyib.

Ramil Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb.

R. Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib: "Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib".

Cinsi azlıq problemi həmişə olub, lakin son illər sanki bilərəkdən daha çox qabardılır. Nədənsə, onlardan ilk söz düşən kimi insan hüquqları mövzusu gündəmə gətirilir. Bəlkə mövzunun aktuallaşması son illər dünyada həm də belələrinin sayının artmasıdır? Bəs bizdə necə, niyə bu mövzu bilərəkdən "aktuallaşdırılır"? Məqsəd nədir? Cinsi azlıq nümayəndələrindən psixoloqlara da müraciət edib kömək istəyənlər olurmu? Onlara hansı cavablar verilir? "Yeniavaz.com" saytının suallarını tanınmış psixoloq Elnur Rüstəmov cavablandırdı.

- Elnur müəllim, özünü "3-cü cinsin" nümayəndəsi hesab edənlərin sayı artır demək doğrudurmı?

- Bu problem əvvəldən də var idi, indi də var. Lakin əvvəllər belə insanlar cəmiyyətdən təcrid olunurdular, münasibət sərt idi. Ona görə də indiki kimi üzdə deyildilər, saytlar, sosial şəbəkələr yox idi, onlardan bu qədər yazılmırdı. Buna görə də həmin insanlar da bu əməllərini açıq-aşkar bildirmirdilər, çəkinirdilər. Amma indi vəziyyət fərqlidir. Mən əvvəl deyəndə 20-30 il öncəni nəzərdə tuturam.

- Həmin insanlara el arasında xəstə deyirlər. Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Allah insanı 2 cins olaraq yaradıb, oğlan və qız. Bəli, həqiqətən də bu bir xəstəlikdir. İnsanın belə olması bir xəstəliyin nəticəsidir. Lakin indi Avropanın təsiri ilə bu, xəstəliklər siyahısından çıxarılıb. Deyirlər ki, yox, bu xəstəlik deyil. Avropa bu işin təbliğinə, insan hüquqları adı altında dünyaya yeridilməsinə milyardlar xərcləyir. Əslində isə Avropanın bu məsələdə öz marağı var. Bunu insan hüquqları ilə əlaqələndirmək, xəstəlik siyahısından çıxarmaq özü də bir məqsəddir. Bununla mənəvi dəyərləri, əxlaqi dəyərləri, ailə dəyərlərini məhv etməyə çalışırlar. Bəlkə də bu fikirlərimə görə məni qınayacaqlar ki, psixoloq dözümlü davranmır, sərt fikirlər işlədir, amma elə deyil. Biz bilməliyik ki, bunu təbliğ edənlərin məqsədləri var, insan hüquqları adı altında bunu təbliğ etməkdə öz istəkləri var.

- Bakıda cinsi azlıqların xəstəlik yaymaları səbəbi ilə saxlanılmalarına bəzi Avropa təşkilatları münasibət bildirib, deyirlər guya insan hüquqları pozulub.

- Xəstə olmaları ilə əlaqədar təhlükəsizlik məqsədi ilə həmin insanlardan bəziləri saxlanılıb. Bəzi xarici təşkilatlar bu addımı insan hüquqlarının pozulması kimi qələmə verməyə, ölkəmizə təsir etməyə çalışdılar. Bu, əsla insan hüquqlarının pozulması deyil, əksinə, bir insan xəstə olduğunu bilə-bilə bunu başqalarından gizlədirsə, xəstəlik yayırsa, həm qanun qarşısında məsuliyyət daşıyır, həm də xəstəlik yaydığına və gizlətdiyinə görə başqasının hüququnu pozur. Bu, insan hüquqlarının pozulması oldu, Avropa görmədi, amma saxlanıldı hüquq pozulması sayıldı? Təəssüf ki, insanların sağlamlığına təhlükə yaradılmasını bəzi maraqlı dairələr görməzliyə vururlar...

- Əslində bununla həmin insanlar başqalarının hüquqlarını pozmuş olurlar...

- Arayın, araşdırın - Azərbaycan ailəsində kim öz övladının cinsi azlıq nümayəndəsi olmasını istəyər? Mən istəyərəmmi, sual verirəm, siz istəyərsinizmi? Əlbəttə, yox. Təəssüf ki, bu gün bizim bəzi gənclər yad təsirlərə düşüblər, bunu guya insan hüquqları ilə əlaqələndirib özlərini "sərbəst" hiss edirlər. Amma düşünmürlər ki, bununla ailələrinə, valideynlərinə mənəvi əzab verirlər. Ətrafdakı insanlar onların atalarına, analarına birmənalı baxmırlar. Onların qardaşları utandıqlarından evdən çıxa bilmirlər. Yaxşı, bu mənəvi əzabı onlara yaşatmaq nə dərəcədə doğrudur? Təəssüf ki, Avropa dəyərləri adı altında insanların şüuraltısını pozmağa, ailə dəyərlərini dağıtmağa çalışırlar. Bu, birmənalı şəkildə belədir.

- Bu mövzuda yayılan zərərli məlumatların da təsiri varmı?

- Bu gün informasiya əsrində yaşayırıq və mən düşünürəm ki, bunların da təsiri çox böyükdür. Yayılan zərərli informasiyalar nə qədər insanın düşüncəsini mənfiyə doğru dəyişir. İnsanların psixologiyasına mənfi təsir göstərir. Bundan əlavə, tibbin inkişafı ilə əlaqədar bəziləri cinsini dəyişir. Görməsən, bilməzsən ki, bu adam əvvəl oğlan olub. Ola bilər ki, saytlar yazsınlar, amma cəmiyyətdə belələrinə münasibət hər kəsə məlumdur.

- Hamiləlik dövründə alınan travmalar, yaxud ailə tərbiyəsinin uşağa təsiri ola bilərmi?

- Hər şeydən öncə ata ailəsinin yanında olmalı, öz davranışı ilə övladlarına, öz oğlan uşaqlarına nümunə olmalıdır. Bu gün nə qədər boşanan ailələr var? Uşaqlar atasız böyüyür, yaxud ana ikinci dəfə ailə qurur, oğlan uşağı başqa bir atanın himayəsində yaşamalı olur. Ailədə ata özü bir ata obrazı formalaşdırmalıdır, nümunə olmalıdır. Oğlu da ona baxıb düşünməlidir ki, ata belə olur, ata bu deməkdir. Belə olmayanda əlbəttə, uşaq boşluq hiss edə bilər.

- Elnur bəy, cinsi azlıq nümayəndəsi sonradan tam sağala bilərmi? Psixoloji baxımdan bu mümkündürmü?

- Belə bir insanın sonradan düzəlməsi, belə deyək, sağalması mümkündür. Biz bunun şahidi olmuşuq. Yaxud əksi də ola bilər. Bizə müraciət edənlərə psixoloq olaraq öz köməkliyimizi göstərməyə çalışırıq. Bunun öz metodu var. Bəziləri deyirlər ki, bu məndə bir problemdir, xilas ola bilmirəm, ancaq psixoloji söhbətlərdən sonra həmin insan deyir ki, əslində məndə belə bir problem yox imiş. Yaxud başqalarının təsirinə düşüb, sonradan dəyişənlər də olur. Onlarla da söhbət zamanı aydın olur ki, sadəcə təsirə düşüblər, əslində onlarda belə olmaya da bilərdi. Buna görə də biganə qalmaq olmaz.

- Onlarla söhbət zamanı sizin tətbiq etdiyiniz "psixoloji metod" nədən ibarət olur?

- Bunun öz yolları, metodları var. Hətta ehtiyac olduğu təqdirdə iynə və dərmanla da müalicə oluna bilərlər, ehtiyac olmadıqda isə əksinə. Sizə maraqlı bir məqamı da açıqlayım - müəyyən risk qrupları var ki, dövlət onlara qarşı da öz tədbirlərini görür. Məsələn, düşdüyü mühitdən asılı olaraq insanların psixologiyası dəyişə bilər. Buna görə də risk qruplarına qarşı müəyyən addımlar atılır, işlər görülür. Bu çox yaxşı haldır və belə də olmalıdır. Təəssüf ki, bizə yad olan təsirlərin, sosial şəbəkə və saytlarda aparılan dırnaqarası təbliğat işlərinin nəticəsi olaraq cinsi pozğunluqdan əziyyət çəkənlərin sayı artır. Bəzi insanlar da var ki, özlərində bu xəstəliyə qarşı qorxu hiss edirlər. Tutaq ki, bir insan - oğlan və ya qız qorxur ki, birdən eyni problem onda da baş verər. Başlayır bundan qorxmağa və gecə-gündüz bu barədə düşünməyə. Bizə müraciət edənlər arasında da belələri olub. Bu qorxunun və davamlı düşüncənin nəticəsi olaraq həmin insanlar eyni problemlə üzləşiblər. Yaxşı haldır ki, bu problemi yaşayıb, sonradan tamamilə xilas olan insanlar da kifayət qədərdir...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top