İqtisadi tənəzzül davam edir

Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50 milyard 67,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 2,5 faiz artıb, neft sektorunda isə 6,5 faiz azalıb.

Məlumat üçün bildirək ki, ötən il ölkədə ÜDM artımı baş verməyib. Belə ki, ötən il ərzində ÜDM-nin həcmində davamlı olaraq azalma qeydə alınıb. Ən böyük azalma isə ötən ilin aprel ayında qeydə alınıb - 4,5%. Yalnız bu ilin ilk iki ayında - yanvar (0,8%) və fevralda (0,4%) ÜDM-də artım qeydə alınıb. Mart və aprel aylarında isə yenidən azalma müşahidə olunub - 0,9% və 1,2%. May ayında isə azalma 0,9%, iyunda 1,3%, iyulda 1, avqust ayında isə 1,1% olub.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,6 faiz təşkil edib. Əlavə dəyərin 40,2 faizi sənayedə, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 149,4 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top