“Məhərrəm ayı haram aylardan sayılır və bu ayda yalnız müharibə edilməsi qadağandır. Sadəcə olaraq, biz Məhərrəm ayını İmam Hüseynin və onunla birgə olanların şəhadətinə görə dərin ehtiramla keçiririk”.
Bu sözləri Yeniavaz.com-la söhbəti zamanı Heydər məscidinin axundu Hacı Rüfət Qarayev deyib.
Axundun sözlərinə görə, ümumilikdə Məhərrəm və Səfər aylarında insanlar digər aylardakı həyat tərzindən bir az fərqli yaşayırlar, bu ayların ehtiramını saxlayırlar. Bəzən suallar ünvanlanır ki, bu aylarda qurban kəsmək olarmı, olmazmı? Bunların Məhərrəmliklə heç bir əlaqəsi yoxdur”.
Məhərrəm ayında ad günü şənliyi qeyd etmək, belə şənliklərə qatılmaq, tv izləmək, musiqi dinləmək və s. bu qəbildən olan şeyləri etmək olarmı?
Hacı Rüfət Qarayev bildirir ki, bu çox şaxəli məsələdir, əslində bunlar özü-özlüyündə doğrudursa, əlbəttə haram, günah deyil:
“Məsələn, bir ad günü şənliyi öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirsə, bu, doğru deyil. Bu ayın hörməti, ağırlığı var. Əgər biz öz əzizimiz dünyasnı dəyişəndə necə ehtiram olaraq onun ruhuna Quran oxutdurub, dua edib, ehsan veririksə, bu günlərdə də eynisini edə bilərik. Çünki Peyğəmbərimizdən hədis var: “Məni özünüzdən, ata-ananızdan, övladınızdan, var-dövlətinizdən, hər şeyinizdən artıq sevmədikcə həqiqi iman etmiş olmazsınız”. Bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. Bu baxımdan Allahın Rəsulu (s.a.s) buyur ki, Hüseyn məndəndi, mən də Hüseyndənəm. Əgər İmam Hüseyn adına süfrə açılıb orada bir plov bişiriləcəksə, həmin gün uşağın da doğum günüdürsə, burda heç bir problem yoxdur. Onsuz da normalda da, bir toyda, məclisdə spirtli içki varsa, o, haramdır. Kişi və qadın olan bir yerdə istənilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa, bu, haramdır. Bu, istər Məhərrəm ayında olsun, istər başqa aylarda”.
Axund deyir ki, siz Allah qatında məqamınızı bilmək istəyirsinizsə, Allahın sizin yanınızda, qəlbinizdə məqamına baxın:
“Biz insanlar Allahın dininə, İslama nə qədər dəyər veririksə, o qədər də Allah qatında dəyərli olmuş oluruq. Əslində ayların hamısı eynidi, ayı dəyərli edən həmin ayda olan ağır hadisələrin olmasıdır. İmam Hüseyn və 72 şəhid, xüsusilə, onlar arasında Azərbaycandan da olan iki şəhidin olması ruhaniyyətlərinə olan ehtiramdı. Məsələn, biz necə Xocalı hadisəsinin il dönümü günü toy, şənlik etmiriksə, bu günlər də daha ağır, dərin faciədir. Bütün bəşəriyyətə, insanlığa verilən şəhidlik məktəbidir. Bu gün seyid Mübariz İbrahimov Azərbaycan uğrunda şəhid olubsa, onun seyidliyi İmam Hüseyndən gələn bir silsilədir. Mübariz oradan öyrənmişdi o şəhidliyi ki, vətən uğrunda fədakarlıq göstərdi. Biz övladlarımıza Məhərrəm ayında İmam Hüseyni, Kərbəlanı, şəhidliyin nə olduğunu anlatsaq, təbii ki, onlar da Vətənini sevən insan kimi yetişəcəklər”.