Ərdoğan: "Dara düşəndə qapımızı döyürsən, ancaq öz bildiyini edirsən"

"Dara düşəndə qapımızı döyürsən, hər cür dəstəyi bizdən alırsan, ancaq İraqın parçalanmasına gəlincə, öz bildiyini edirsən". “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər öncəsi İraq Kürdüstan Regional Hökumətinin (İKRH) başçısı Məsud Bərzaninin sentyabrın 25-də müstəqillik haqqında referendum keçirmək israrını şərh edərkən deyib. M. Bərzaninin referendum qərarını sərt tənqid edən R. T. Ərdoğan qeyd edib: “Müstəqil kürd dövləti Bərzaninin uşaqlıq arzusuymuş. Uşaqlıqla dövləti idarə etmək olarmı? Türkiyədən bizə bir səs gəlmədiyini deyir... Hər şeydən əvvəl Milli Kəşfiyyat Təşkilatının rəhbərini göndərdim. Sənə hələ də dirənirsən”.

Prezident referendum barədə İraq mərkəzi hakimiyyəti ilə eyni cür düşündüklərini bildirib: “ABŞ-da İraqın Baş naziri Heydər əl-İbadi ilə görüşəcəm. Gördüyüm qədərilə eyni istiqamətə baxırıq. Bu da İraqın ərazi bütövlüyüdür”.

R. T. Ərdoğan İKRH-nın referendum qərarı ilə əlaqədar Türkiyədə sentyabrın 27-də keçirilməsi planlaşdırılan Milli Təhlükəsizlik Şurasının iclasının ayın 22-nə keçirildiyini diqqətə çatdırıb: “Bunu ətraflı müzakirə edəcəyik. Görüşdən sonra həmin gün Nazirlər Kabinetinin iclası da keçiriləcək. İclasda tövsiyyə xarakterli qərarımızı müzakirə edərək yekun qərar verəcəyik. Bununla da Türkiyə qəti mövqe nümayiş etdirəcək. Bunu ABŞ-da Prezident Donald Trampla da müzakirə edəcəm”.

Xatırladaq ki, M. Bərzani daha əvvəl bəyan etmişdi ki, 16 yaşından müstəqil kürd dövlətinin yaradılmasını arzu edib.

DİGƏR XƏBƏRLƏR

Top