Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir

Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının ("müəssisə resurslarının idarəetmə sistemi") tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Dünya Bankının "Korporativ və büdcə sektorunda hesabatlılıq" layihəsi çərçivəsində Azərbaycanda tətbiq edilmiş FARABI sistemi vasitəsilə bütün mühasibat sənədləri Maliyyə Nazirliyinə elektron formatda təqdim edilir. Artıq bir neçə ildir ki, bu sistem Azərbaycanın 150-dən artıq dövlət təşkilatında, həmçinin bir çox ali təhsil müəssisələrində effektiv istifadə olunur.

Maliyyə Nazirliyinin sifarişi ilə Azərbaycanın SINAM şirkəti tərəfindən ərsəyə gətirilmiş FARABI sistemi "bulud" texnologiyaları üzərində qurulub. FARABI sistemi effektivliyi və texnoloji üstünlüklərinə görə Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təcrübəsini beynəlxalq aləmdə nümayiş etdirmək üçün bu beynəlxalq maliyyə institutu tərəfindən xüsusi sənədli film də çəkilib.

Əfqanıstanın Maliyyə Nazirliyi ölkəsində Azərbaycanın FARABI sisteminin analoqunu tətbiq etmək niyyətindədir və bu iri və mürəkkəb layihənin həmin ölkədə reallaşdırılması üçün Azərbaycan Respublikasından, habelə Dünya Bankından və ya digər beynəlxalq maliyyə institutlarından yardım cəlb edilməsini nəzərdən keçirir.

Sentyabrın 15-dək davam edəcək səfər çərçivəsində Əfqanıstanın Maliyyə Nazirliyinin nümayəndə heyəti üçün FARABI sisteminin tətbiq olunduğu bir sıra dövlət təşkilatlarında görüşlər təşkil olunacaq.Azertac

DİGƏR XƏBƏRLƏR

Top