Nazirlik: Yağışlar başlasa, sürüşmə aktivləşəcək

Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsi artıq sürüşməyə meyilli ərazi sayılır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib: “Artıq vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatlar var. Onlar aktiv fazadadır, yəni proses başa çatmayıb. Əgər yağışlar başlasa, bu proses daha da aktivləşəcək, sürüşmə prosesi aktiv olacaq”. Ə.Qaralov bildirib ki, çatların baş verməsinə həmin evlərin vulkan materiallarının üzərində tikilməsindən əlavə, yamacın şaquli kəsilməsi, yamacın təbii quruluşuna insanın müdaxiləsi və s. təsir göstərib: “Yamacda ev tikiləndə onu kəsmək olmaz. Əgər həmin ərazi sürüşməyə meyillidirsə, bu, onu bir az da fəallaşdırır. Burada da yamac, demək olar ki, hər yerdən doğranıb. Qeyd edilən səbəblərlə yanaşı, kanalizasiya sularının axması, atmosfer çöküntüləri də sürüşməni təbii olaraq, fəallaşdırır". Qeyd edək ki, evlərdə yaranan bəzi çatların eni 50 sm-ə çatıb.Trend

DİGƏR XƏBƏRLƏR

Top