Neft Daşları dünyanın ən qeyri-adi şəhərlərinin reytinqində

Macəra axtaran və adi turizm obyektlərindən bezmiş turistlər üçün dünyanın ən qeyri-adi 4 şəhərinin reytinqi tərtib olunub. Maraqlıdır ki, Azərbaycandakı Neft Daşları bu 4 nadir şəhərdən biridir.

Qeyri-adi şəhərlərdən birincisi Çində tikilmiş “saxta şəhər”dir. Bu şəhər Avstriyanın Hallştadt şəhərinin birəbir təkrarıdır. Bununla belə, Çindəki “saxta şəhər”də 1 kvadrat metrin qiyməti Avstriyadakı orijinaldakından bahadır.

Daha bir qeyri-adi məkan Alyaskadakı Uittier dam-şəhəridir. Maraqlıdır ki, bu şəhərdə yaşayan bütün əhali - vur-tut 220 nəfər eyni dam altında – 14 mərtəbəli binada yaşayır. Əhalinin azlığına baxmayaraq, şəhərdə mağazalar, poliklinika, camaşırxana, polis məntəqəsi və kilsə fəaliyyət göstərir.

Siyahıda üçüncü Bakının yaxınlığında yerləşən Neft Daşlarıdır. Mənbə yazır ki, bu şəhər Xəzər dənizində dəmir estakadaların üzərində qurulub. Əvvəllər şəhərin əsasını yeddi ədəd köhnə gəmi təşkil edib. Sonradan – ötən əsrin 70-ci illərində burada 5 və hətta 9 mərtəbəli binalar tikilib. Şəhərin əhalisini təşkil edən 2 min nəfər burada daimi yaşamır – növbəli qaydada işləməyə gələrək, ilin bir neçə ayını Neft Daşlarında keçirirlər.

İspaniyadakı Setenil-de-las-Bodeqas şəhəri bazalt qayaya qaynayıb qarışmış evlərdən ibarətdir. Bu evlər sıldırım qaya ilə birləşmiş şəkildədir. Şəhərə gələn turistlər burada qayaların uçmasından ehtiyatlansalar da, 800 illik tarixi ərzində bu şəhərdə bircə dəfə də olsa uçqun baş verməyib. Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top