Elektrik enerjisinin verilişində problem yaranan zaman ilk ağlımıza gələn "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "qaynar xətti"nə müraciət etmək olur. Ancaq bu qurumun "qaynar xətti"nin hər zaman aktiv olduğunu, edilən bütün zənglərə cavab verildiyini demək olmaz. Söhbət "Azərişıq"ın 24 saat fəaliyyət göstərdiyi deyilən 199 nömrəli "qaynar xətti"ndən gedir.
Bu günlərdə gecə saatlarında Novxanıda elektrik enerjisinin verilişində problem yaranıb. Hava isti olduğundan və kondisionerlər işləmədiyindən evində körpəsi, xəstəsi olanlar çətin vəziyyətə düşüblər. Odur ki, onlardan bəziləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin 199 nömrəli "qaynar xətti"nə zəng vurublar. Lakin dəfələrlə edilən zənglərə cavab verən olmayıb. Vətəndaşlar bir neçə saat ərzində davamlı olaraq həmin "qaynar xətt"ə zəng vursalar da, dəstəyi götürən olmayıb. Bu isə vətəndaşların haqlı narahatlığına səbəb olub. Vətəndaşların zənglərinə yalnız həmin günün səhəri cavab verilib.
"Bir neçə yerdən nəzarət olunur"
Mövzu ilə bağlı vətəndaşları maraqlandıran sualları "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə ünvanladıq. Tanrıverdi Mustafayev dedi ki, "Azərişıq"ın "qaynar xətt"inin necə işləməsinə elə bu qurumun öz daxilində bir neçə yerdən nəzarət olunur. Onun sözlərinə görə, vətəndaşlardan "qaynar xətt"in işləməməsi ilə bağlı şikayət daxil olanda araşdırılır, tədbirlər görülür. Tanrıverdi Mustafayev qeyd etdi ki, "qaynar xətt"in fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən narazı olan vətəndaşlar bu barədə "Azərişıq"ın elektron poçtuna məktub göndərə bilərlər: ""Azərişıq" ASC-nin 199 nömrəli "qaynar xətt"i 24 saat fəaliyyət göstərir. "Qaynar xətt" gecə-gündüz fəaliyyətdədir. Həmin şəxsdən və belə hallarla üzləşən vətəndaşlardan xahiş edirik ki, zəng vurublarsa və zənglərinə cavab verilməyibsə, [email protected] elektron poçtuna günü, saatı barədə məlumat versinlər. Qeyd etsinlər ki, zəng vurdum mənə filan cavabı verdilər və ya cavab vermədilər, telefon davamlı şəkildə məşğul olubsa, bu barədə məlumat versinlər. Səbəbi araşdırılacaq və tədbir görüləcək".
"Qaynar xətt"in işçilərinin işinə nəzarət olunurmu?"
"Qaynar xətt"in işçilərinin fəaliyyətinə nəzarət olunurmu?" sualımıza Tanrıverdi Mustafayevin cavabı belə oldu: "Əlbəttə, nəzarət olunur. Özü də saniyəsinə qədər. Uçotu, jurnalı kim təhvil verdi, neçədə verdi, neçədə aldı, bunların hamısına nəzarət olunur. Qrupun rəhbəri var, ümumi departamentə tabedirlər, bir neçə nəzarət var onlara. Gecə saatlarında da hər hansı problem yaranan zaman 199 nömrəli "qaynar xətt"ə istənilən vətəndaş müraciət edə bilər. Tək Bakı şəhərindən yox, regionlardan da vətəndaşlar bu nömrəyə zəng vurub müraciət edə bilərlər. Sonda bir daha qeyd edirəm ki, əgər hansısa vətəndaş Novxanıda elektrik enerjisinin verilişində yaranmış problemlə bağlı 199 nömrəli "qaynar xətt"ə gecə saatlarında zəng vurubsa və zəngi cavabsız qalıbsa, "Azərişıq"ın elektron poçtuna bu barədə məlumat versin və araşdırma aparılsın".
Nicat