"Dağlarda döyüş"ü ilə bizə həyəcan yaşadan Əhmədaga Muğanlı

... Hələ orta məktəbdə oxuyarkən "Dağlarda döyüş" filminə maraqla baxardım. Filmin qəhrəmanı, vətənin keşiyində ayıq-sayıq duran Fərruxun (Bu roldan Şahmar Ələkbərov çəkilib) qaçaqmalçılıq edərək dövlət sərhədini pozan doğma atası ilə əlbəyaxa olması, ona güzəştə getməməsi və əqidə naminə cəsarətli qərarı hamı kimi məni də heyran qoyardı, həyəcan yaşadardı. Lakin o illərdə, sözün düzü, bu filmin hansı yazıçımızın ssenarisi əsasında ekranlaşdırıldığına əhəmiyyət verməmişdim. Sonradan öyrəndim ki, bu ekran əsərinin ssenarisi tanınmış nasir və kinodramaturq Əhmədağa Muğanlınındır.

... Bu gün tanınmış nasir və kinodramaturq Əhmədağa Muğanlının (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) anadan olmasının 91-ci ildönümüdür. Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş Əhmədağa Muğanlı 11 kitabı, o cümlədən "Vicdan", "Şəhriyar əfsanəsi", "Şikəstə", "Gecikmiş etiraf", "Dağ-dağa söykənər", "Tikanlı məftillər", "Çobanbayatı", "Ömürdən yeddi yarpaq" və s. əsərləri işıq üzü görüb. O, 30-a qədər sənədli filmin, o cümlədən "Azərbaycan... Azərbaycan..." (C.Əlibəyovla birgə), "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Məndə sığar iki cahan..." (X.Muradovla birgə), "Vətən sizə arxalanır", "M.F.Axundov", "Sabir", "Nizami", "Mən sərhədçiyəm" və s. kinolentlərin ssenari müəllifi də olub. Onun ssenariləri əsasında beş bədii film - "Dağlarda döyüş" (Bu film Ə.Muğanlının məşhur "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılıb), "Od içində", "Qocalar...qocalar..." ("Çobanbayatı" povestinin motivləri əsasında), "Atları yəhərləyin" (S.Rüstəmlə birgə), "Doğma sahillər" çəkilib. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sözlərinə görə, Əhmədağa müəllim kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin, dövrü kinojurnalların redaktoru olub. "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Böyük dayaq", "Əhməd haradadır?", "Dədə Qorqud", "Xoşbəxtlik qayğıları", "Sevinc buxtası". "Arxadan vurulan zərbə", "Babək", "Qızıl uçurum", "Nizami", "Əlaqə" bədii filmlərinin ssenarisi onun redaktor süzgəcindən keçib.

Onu da qeyd edək ki, Əhmədağa Muğanlı əsərlərinin bir qismi sərhədçilərlə bağlıdır. O, sərhədçilərlə bağlı əsərlər yazmağının səbəbini belə izah edərdi: "Mən sərhəd rayonunda böyümüşəm. Gözümü açıb sərhəd, sərhədçi görmüşəm. Tale elə gətirib ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında qulluq eləmişəm... Əlbəttə, mən belə bir mövzudan yan keçə bilməzdim".

Qvami

DİGƏR XƏBƏRLƏR

Top