İndiyədək Şuşa ilə bağlı çoxlu rəsm əsərləri ərsəyə gətirilib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, onların arasında memar-rəssam, Əməkdar incəsənət xadimi, professor Elturan Avalovun Şuşaya münasibəti digərlərindən fərqlənir: "Onun hələ gənclik illərində "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda yazdığı və 1973-cü ildə müdafiə etdiyi dissertasiya işində "Qarabağın incisi"nə maraq və məhəbbət sonrakı illərdə yaradılacaq çoxsaylı qrafik işlərin əsas leytmotivinə çevrilib. Şuşanın 1992-ci ilin 8 mayında işğalından sonra burada əvvəllər rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin taleyindən tam xəbərimiz yoxdur. İndiki halda Elturan Avalovun vaxtilə ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsiləsindəki nümunələri duyulası dərəcədə bədiiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan şaşırdıcı estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-1770-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahim Xəlil xanın qəsri, Xan sarayı, Saatlı məscidi, Mehmandarovların mülkü (XVIII əsr), Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər Ağa məscidi (XVIII-XIX əsrlər), Xurşudbanu Natəvanın evi (XIX əsr), Xurşudbanu Natəvanın tikdirdiyi karvansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşadan abidələrdəndir. Sayı 50-yə çatan və tuş-pero texnikasında ərsəyə gətirilən bu qrafik lövhələrdə Elturan Avalov dəst-xətti və ifadə üslubu kifayət qədər duyulandır. Hər bir motivi qeyri-adiliyi ilə seçilən cizgi improvizələri ilə gerçəkləşdirən rəssam müxtəlif formalı cizgilərlə sözün əsl mənasında "daşlaşmış poetika" kimi qəbul olunan milli memarlıq tikililərinə duyğulandırıcı estetik tutum bəxş etmişdir. Onun "Yuxarı Gövhər ağa məscidi" əsəri bunun əyani nümunəsidir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydanın mərkəzinə yaraşıq verən daş bulağın və bütün bu gözəlliyə rəng qatan yaşıllığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq şaşırdıcıdır... Eyni estetik təəssüratı onun böyük şövqlə yaratdığı "Zöhrabbəyovların evi", "Gəncə qapısı", "Mehmandarovların evi", "Çuxur məhəllə", "Xan evi", "Bəstəkar Üzeyir Hacıbəylinin evi", "Mamayi məhəlləsi", "Şeytan bazarı", "Xan qızı Natəvanın evi" və b. əsərlərindən də almaq mümkündür".
O daha sonra dedi: "Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışan Elturan Avalov yarıməsrlik tarixi olan Şuşa sevgisini bu gün də yaşatmaqdadır. Onun yeni yaratdığı əsərlər də bunu təsdiqləyir. Rəssam-memarın ən böyük arzusu Azərbaycanımızın bu ayrılmaz parçasında yerli sənətkarların əli ilə yaradılmış memarlıq tarixini, onun bədiiləşmiş "daş möcüzəsi"ni dünyaya göstərməkdir..."
Qvami