"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. Bunu "Azəravtoyol" ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib. A. Nəcəflinin sözlərinə görə, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb: "Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsi ilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, nəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb".