Güzəştli şərlərlə kredit əldə etməyin yolları...

Son illər ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək məqsədilə İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən əhaliyə güzəştli şərtlərlə verilən kreditlərin həcmində böyük artım müşahidə olunur. "Yeniavaz.com" SKMF-yə istinadən bildirək ki, 2002-ci ildə əhaliyə 1 milyon 476 min manat həcmində kredit verildiyi halda ötən il bu göstərici 248 milyon 485 min manata olub. Bu statistika eyni zamanda onu göstərir ki, sahibkarlar da güzəştli kreditləri almaqda maraqlıdırlar. Sahibkarların güzəştli kreditlərə olan marağının yüksək olması isə heç şübhəsiz ki, kreditlər üçün tələb olunan illik faiz dərəcələrinin aşağı olması ilə bağlıdır. Belə ki, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6%-dən artıq olmamalıdır.

Məlumat üçün onu da qeyd edək ki, vəsaitlərin 5 - 50 min manata qədəri kiçik, 50 - 500 min manata qədəri orta, 500 min - 10 milyon manata qədəri böyük həcmli kreditlər şəkilində ayrılır. Kiçik həcmli kreditlər üçün 3 ilədək, orta həcmli kreditlər üçün 5 ilədək, böyük həcmli kreditlər üçün 10 ilədək müddətə verilir.

Kreditlər hansı sahələrə ayrılır?

Qeyd etmək lazımdır ki, ayrılan vəsaitlər yalnız SKMF-in müəyyən etdiyi istiqamətlər üzrə istifadə oluna bilər. SKMF-dən verilən məlumata görə, vəsaitlər əsasən

- Ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması,

- Logistika (qida və qeyri-qida məhsullarının saxlanması,daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması,

- Aqroparkların yaradılması,

- Müasir tələblərə cavab verən meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması,

- İri fermer təsərrüfatlarının yaradılması,

- Qarışıq yem istehsalı müəssisələrinin yaradılması,

- Müasir istixana komplekslərinin yaradılması,

- İntensiv bağçılıq (üzüm, alma, nar və.s) və ya tingçilik təsərrüfatlarının yaradılması,

- Müasir çörək istehsalı müəssisələrinin yaradılması,

- Digər sənaye (yüngül, tikinti, kimya, maşınqayırma və s.) müəssisələrinin yaradılması,

- Kiçik sahibkarlığın (o cümlədən gənclər, qadınlar, əlillər və məcburi köçkünlər) inkişafı

sahələrinə yönəldilə bilər.

Bəs görəsən güzəştli şərtlərlə kredit əldə etmək istəyən sahibkar hansı şərtlərə əməl etməlidir?

Sahibkar kredit almaq istəyirsə ilk növbədə yuxarıda qeyd olunan sahələrdən hər hansı biri üzrə investisiya layihəsi tərtib etməlidir. İnvestisiya layihəsi hazırlanarkən SKMF tərəfindən qoyulan tələblərə əməl olunmalıdır.

Fonddan kredit almaq istəyən fiziki şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Biznes plan,

3. VÖEN,

4. Şəxsiyyət vəsiqəsi

5. Layihənin həyata keçirələcəyi yerə və ya əmlaka dair hüquqlarını təsdiq edəcək sənədlər (reyestrdan çıxarış və ya icarə müqaviləsi),

Fonddan kredit almaq istəyən hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Biznes plan,

3. VÖEN,

4. Nizamnamə,

5. Kommersiya təşkilatının dövlət reyestrindən çıxarış

6. Layihənin həyata keçirələcəyi yerə və ya əmlaka dair hüquqlarını təsdiq edəcək sənədlər (reyestrdan çıxarış və ya icarə müqaviləsi

İnvestisiya layihəsi qəbul edilən sahibkar güzəştli kredit 5 gün ərzində əldə edə bilər

İnvestisiya layihəsi və qeyd olunan sənədlər hazır olduqdan sonra sahibkar hər hansı bir müvəkkil kredit təşkilatına (MKT) müraciət edir. MKT 10 bank günündən gec olmayaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri SKMF-yə təqdim edir. SKMF 10 bank günü müddətində təqdim olunmuş layihələri ekspertizadan keçirir və investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq SKMF müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə MKT-yə rəsmi məlumat verilir. Əgər müraciət təmin olunursa onda MKT sahibkarlıq subyektləri ilə kredit məqaviləsi bağlayır və kredit vəsaitinin ayrılması üçün Fonda sifariş göndərir. SKMF isə 3 gün ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait MKT-nin müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 bank günü ərzində vəsaiti sahibkarlıq subyektlərinin hesabına köçürür.

Məlumat üçün qeyd edək ki, hazırda paytaxt Bakıda və regionlarda 60 MKT fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top