İraq parlamenti Kərkükdə rəsmi qurum və quruluşlarda yalnız İraq bayrağının asılması ilə bağlı qərar qəbul edib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İraq parlamenti bu gün keçirdiyi iclasda İraq Kürdüstan Regional Hökuməti (İKRH) bayrağının tək tərəfli təsdiq edilməklə Kərkükdə rəsmi binalara asılması məsələsi səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Kərkükdə yalnız İraq bayrağının asılmalı olduğu təsdiqlənib. Kürd deputatlar iclası tərk edərək səsvermədə iştirak etməyiblər. Səlim əl-Cuburinin sədrliyi ilə keçirilən parlament iclası 186 deputatın iştirakı açıq elan edilib. Parlament, həmçinin Kərkük neftinin İraq konstiusiyasının 11-ci maddəsinə görə bütün iraqlıların milli gəlir qaynağı olduğuna və bunun İKRH və digər vilayətlər arasında bərabər bölüşdürülməsinə qərar verib.
Xatırladaq ki, İKRH-nin başçısı Məsud Bərzaninin Kərkükə vali təyin etdiyi Nəcməddin Kərim şəhərdəki bütün rəsmi qurumların binalarında “Kürdüstan bayrağı” asılmasını istəmişdi. martın 28-də İraqdakı Kərkük Vilayət Məclisi şəhərdəki rəsmi qurum və quruluşlarda İraq bayrağı ilə yanaşı, İKRH-nin bayrağının da asılmasını nəzərdə tutan qərarı təsdiqləyib. Qərar 26 kürd üzvün iştirakı ilə toplanan məclisdə yekdilliklə qəbul edilib. Türkmən və ərəb üzvlər iclası boykot edərək səsvermədə iştirak etməyiblər. Kərkük Vilayət Məclisi 9-u türkmən, 6-sı ərəb olmaqla 41 üzvdən ibarətdir.
Qeyd edək ki, ABŞ 2003-cü ildə İraqı işğal etdiyi zaman kürd qüvvələri Kərkükü ələ keçiriblər, şəhərə xeyli sayda kürdlər köçüb. 2005-ci ildə yazılan İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən, Kərkükün statusuna Səddam Hüseynin dövründə Kərkükdən zorla köçə məruz qalanların qayıtması, sonra isə şəhər əhalisinin siyahıya alınması və Kərkükün statusu haqqqında referendumun keçirilməsi ilə aydınlıq gəlməlidir. Lakin bu maddə hələ də tətbiq edilməyib. Bağdad Kərkükün mərkəzə tabe olduğunu bəyan etsə də, kürdlər şəhərin İKRH-ə ilhaq edilməsini tələb edirlər. Türkmənlər buna etiraz edərək, Kərkükə xüsusi status verilməsini istəyirlər. Şəhər əhalisinin böyük qismi türkmən, kürd və ərəblərdən formalaşıb.