Uşaqların oynadığı hər bir oyun, televiziyada izlədiyi hər bir şey onların zehni inkişafına və duyğularına ciddi şəkildə təsir edir. Bu səbəbdən gərək onlar elə fəaliyyətlərlə məşğul olsunlar ki, onun uşağın inkişafına bir yararı olsun. Bildiyimiz kimi hal-hazırda bir çox analar uşaqları dəcəllik etməsin, ağlamasın deyə ya qoyurlar televizorun qarşısına cizgi film izləməyə, ya da övladlarını telefon, planşet, kompüter oyunları kimi uşaqlara zərərli olan texnoloji vasitələrin aludəçisi edirlər. Öz rahatlıqlarını düşünən valideynlər bu zərərli vərdişlərin gələcəkdə övladlarına nə dərəcədə mənfi təsirlər göstərəcəyini düşünmürlər. Kaliforniya Universiteti tədqiqatçılarının apardığı bir sıra araşdırmalardan sonra məlum olub ki, bu zərərli vərdişlərin təhlükəsi narkotik vasitələrin təhlükəsi ilə demək olar eynidir. Beyin üzərində aparılan ən son araşdırmalardan sonra müasir texnologiya “rəqəmsal narkotik” kimi xarakterizə olunur.
“Uşaqlar bizim öz milli ruhumuza, ənənəmizə, dəyərlərimizə görə filmlərə, verilişlərə baxmalıdırlar”
Ekspert Nazim Əkbərov “Yeniavaz.com”a açıqlamasında bildirdi ki, müasir dünyamızda telekanallar ixtisaslaşmağa doğru gedir və bu proses artıq bir sıra dövlətlərdə yüksək səviyyədədir: “Bu telekanallar “Xəbərlər” “Mətbəx”, “İdman”, “Uşaq” və s. kanallardan ibarətdir. Bizdə isə bu işə yeni başlanmışdır. Hələlik yalnız idman kanalları var. Məncə, uşaq dünyası hər şeydən öndə olmalıdır. Hər bir xalqın, o cümlədən də bizim öz uşaq telekanallarımız olmalıdır. Uşaqlar bizim öz milli ruhumuza, ənənəmizə, dəyərlərimizə görə filmlərə, verilişlərə baxmalıdırlar. Amma çox təəssüf, biz hələ ancaq musiqili verilişlər, tanışlıq, uydurma axtarış kimi yaşlıları əyləndirən verilişlərlə başımızı dolandırırıq. Bəs uşaqlar? Uşaqlar digər ölkələrin uşaq kanallarına, cizgi filmlərinə baxmalı (valideynləri tərəfindən baxdırılmalı) olurlar.
Pedaqoqun sözlərinə görə, bu işlə ən çox Təhsil Nazirliyi və onun qurumları maraqlanmalı, məşğul olmalı, narahat olmalıdırlar. N. Əkbərov qeyd etdi ki, dövlətin təhsil siyasəti, eyni zamanda da tərbiyə siyasətinin çoxu bu nazirliyin öhdəsinə düşür: “Nazirlik televiziya proqramlarına başlamağa təşəbbüs göstərir və iş gedir, amma uşaq verilişləri, proqramları, bu başlı-başına bir işdir. Burada, ümumiyyətlə, uşaq telekanallarında gərək çoxlu cizgi filmləri olsun, teatr səhnəcikləri olsun, mahnılar olsun, rəqslər olsun, reportajlar olsun... Bütün bunlar çətindir, amma olmalıdır. Bu işin altına mətbuat da əlini salmalıdır. Bu gün Azərbaycanda uşaq mətbuatı yox dərəcəsindədir, çünki uşaq jurnalistikası, uşaq yazıçıları, şairləri yoxdur. Mənim ağlıma yalnız bir nəfər gəlir, Ələmdar Quluzadə, qalan şairlər ancaq sevgidən, məhəbbətdən, hicrandan və s. yazırlar. Uşaq, sanki, heç kəsə gərək deyil”.
“Uşaqlarda nitq ləngiməsi televizorla erkən tanışlıqdan yaranır”
Mövzu ilə bağlı rəy öyrənmək üçün klinik psixoloq Narınc Rüstəmova ilə də əlaqə saxladıq. Ekspert açıqlamasında bildirdi ki, bildiyimiz kimi hal-hazırda biz texnologiya dövründə yaşayırıq və təbii ki, biz uşaqları bundan tamamilə məhrum edə bilmərik: “Hər bir şəxsin evində ən azından televizor var. Valideynlər də övladlarının televizora baxmasını tənzimləməlidirlər. Maksimum dərəcədə çalışmalıdırlar ki, 3 yaşına qədər uşaqlar televizordan planşetdən uzaq dursunlar. Günümüzdə uşaqlarda nitq ləngiməsi, psixi inkişafın ləngiməsi kimi hallara çox rast gəlirik. Bütün bunlar hamısı televizorla erkən tanışlıqdan irəli gəlir. 3 yaşından sonra isə artıq 20 dəqiqədən başlayaraq uşaqlara elektronik cihazlarla tanışlığa icazə vardır. Valideynlər mütləq çalışmalıdırlar ki, uşaqların baxdıqları cizgi filmlər ətraf aləmin öyrənilməsi ilə bağlı cizgi filmlər olsun. 3 yaşındakı uşağın diqqətinin davamlılığı 5-7 dəqiqədən çox olmadığı üçün gərək baxdığı cizgi filmlər də maxsimum 3-4 dəqiqə ərzində olsun. Əgər 40 dəqiqə, 1 saatlıq uzun süjet xəttli cizgi filmlər olsa əlbəttə uşaq ona nə maraq göstərməyəcək, nə də onu anlaya bilməyəcək. Həmçinin uşağın izlədiyi cizgi filmin girişi və sonu olmalıdır. Məsələn, “Tom və Jerry” kimi sonlandırılması olmayan cizgi filmlər uşağın psixikasında öz izini qoyur. Bir seriyada başqa hadisə, digər seriyada bir başqa hadisə baş verən, vahid süjet xətti olmayan cizgi filmlər uşaqlara maraqlı görünsə də onlarda zehni kütləşmə yaradır. Həmçinin uşaqlarda şiddətə meyillilik yaranır. Bəzən valideynlər fikirləşirlər ki, əgər cizgi filmdə qan yoxdursa deməli təhlükəli deyil, baxıla bilər, ancaq elə deyil. Uşaq cizgi filmə baxdıqda görür ki, hər hansı bir personaj uçur, fikirləşir ki, deməli mən də onun kimi uçsam, özümü pəncərədən atsam, yansam yenidən onun kimi var olacağam. Çünki uşaqlar ölümü 7 yaşa qədər dərk etmir. Bir zamanlar bütün dünyada məşhur olan “Pokemon” cizgi filmi var idi ki, bir çox avropa ölkələrində sonradan qadağan olundu. Çünki həmin cizgi film yayımlandığı ərəfələrdə uşaqlarda kütləvi intihar hadisələri baş vermişdi. Uşaqlar özünü dərk etmədiyi dönəmlərdə cizgi filmdəki obrazları təqlid edir, onlara bənzəmək, onlar kimi qanadlarının olmasını, onlar kimi divara dırmanmağı istəyir, onlar kimi hündür yerlərdən tullanmağa çalışırlar".
N.Rüstəmovanın sözlərinə görə, 3-6 yaş aralığında uşaqlarda “mən” formalaşmağa başlayır: "Bu “mən” formalaşan ərəfədə uşaqlar nəyi görsə, nəyi öyrənsə öz şəxsiyyətində onun elementlərini daşıyacaq. Məsələn, “Calliou” adlı cizgi film uşaqların maarifləndirilməsi baxımından çox yararlıdır. Uşaqlar orada hər dəfə fərqli bir dünyanı kəşf edir; bir dəfə itdən qorxmamağı, bir dəfə yağışın nə olduğunu, bir dəfə bacısıyla oynamağı, bir dəfə velosiped sürməyi öyrənir və s. Amma Azərbaycanın öz cizgi filmlərinin olmasına da ehtiyac var. Ümid edirəm ki, Azərbaycanda serial və filmlərə göstərilən diqqət cizgi filmlərə də göstərilər. Çünki uşaqlar bir dövlətin, millətin gələcəyidir. Uşaqlar öz dilimizdə cizgi filmlərə baxsa həm də nitq inkişafında problem olmaz. Bu gün ən aktual problemlərdən biri də odur ki, uşaqlar ya rusca, ya türkcə, ya da ingiliscə cizgi filmlərə baxır və dillərin hamısını bir-birinə qarışdırır. Qeyd edim ki, 5 yaşından sonra uşaqların televizora baxma müddəti 30-40 dəqiqəyə qədər qaldırıla bilər. 9 yaşdan sonra isə bir uşaq 1-1,5 saat televiozora baxa bilər. Ümumiyyətlə böyüklərdə də gündəlik elektron cihazlarla təmas 2 saatdan çox olmamalıdır.
Psixoloq qeyd etdi ki, bəzən valideynlər uşaqların qarnı tox olsun deyə uşaqların yeməyini cizgi filmə baxdırmaqla, planşet verməklə yedirirlər ki, bu da çox böyük səhvdir: “Belə olan halda uşaqlarda doğru yemək vərdişləri, doyma instinktləri formalaşmır. Uşaqlar yeməyi nə üçün yediklərini də anlamırlar. Davamlı şəkildə kontrol olunma ehtiyacı duyur, tənbəlləşir. Bu zaman robot kimi ağzını açır yeməyi udur. Biz buna yemək davranışı pozuntusu deyirik. Valideynlər bu yolla öz vicdanlarını da rahat edirlər ki, uşaq toxdur. Amma gərək uşağın yemək yeməyi yarım saat da çəksə, 1 saat da çəksə bu səhvə yol verməsinlər. Uşağı gərək bacısı, qardaşı ilə yemək yemədə yarışdırsın və ya başqa yollar axtarsın. Bu daha yaxşıdır, nəinki uşağı texnoloji vasitələrin köməyi ilə yedirmək”.
“Təməl olmayan ehtiyacı təməl ehtiyac halına gətiririk sonra da deyirik uşağı televizordan necə ayıraq”
Pedaqoq Elmir İsgəndərovun sözlərinə görə isə, uşaqların 3-4 yaşa qədər texnologiyadan uzaq durması valideynlərin əlindədir: “İnsanların təməl və təməl olmayan ehtiyacları var. Qida bizim üçün təməl ehtiyac olsa da, televizor təməl ehtiyac deyil. Amma valideynlər bunu uşaqlar üçün təməl ehtiyac halına gətirir. 1-2 yaşından uşaqlarını qoyurlar televizorun qarşısına, uşaq onunla böyüyür və televizor onda təməl ehtiyac halına gəlir. Məsələn, ağıllı telefon istifadə edən insan üçün telefon artıq təməl ehtiyac halına gəlib. Ancaq o əvvəldən ağıllı telefon istifadə etməsə onda bu asılılıq yaranmaz. O bu əskikliyi hiss etməz. Beləliklə təməl olmayan ehtiyacı təməl ehtiyac halına gətiririk, sonra da deyirik uşağı televizordan necə ayıraq. Daha sonra uşaq məktəb yaşına gəldikdə valideyn onu ya televizordan tamamilə ayırır, ya da maksimum dərəcədə vaxtını azaldır. Bununla da uşağı əlindən bir ehtiyacı alınmış olur. Amma əslində yalnış olan televizoru əvvəlcədən uşağın ehtiyacı halına gətirmək idi. Bildiyim qədərilə Fransada televizorlarda telekanalların aşağısında hər zaman anons edilir ki, 3 yaşına qədər uşaqlar televizordan uzaq tutulmalıdır. Bu Azərbaycanda da olsa çox yaxşı olardı”.
Ekspert E.İsgəndərov qeyd etdi ki, 3 yaşdan sonra da uşaqların televizora baxması nəzarətdə saxlanılmalıdır: “4 yaşından başlayaraq uşaqlar gündə yarım saat onlar üçün faydalı ola biləcək cizgi filmləri izləyə bilərlər. Əlbəttə ki, bu cizgi filmlər də şiddət xarakteri daşımamalıdır. Həmçinin valideynlər düşünməlidirlər ki, uşaqlar baxdıqları cizgi filmlərin personajları ilə bir növ əlaqə quracaq və onların hərəkətlərini həyatlarına tətbiq edəcəklər. Ancaq mən deyərdim televizordan çox valideynlər gərək internetə daha çox üstünlük versinlər. Çünki valideyn uşağa internetdə izlətdiyi şeyi özü idarə edə bilər. Valideyn nəyi açsa uşaq ona baxacaq. Amma televizorda bunu bilmək olmur ki, uşağın izlədiyi verilişdən sonra nə gələcək, nə yayımlanacaq”.
Gülarə Kərimova