Özgənin ölüsü və ya ən böyük günah

Dini təhsilim olmasa da, oxuduqlarım və eşitdiklərimə əsaslanaraq deyə bilərəm ki, bütün səmavi dinlər insanları düzlüyə, doğruluğa çağırır, haram və günahlardan qaçmağı tövsiyə edir. Uca Yaradan peyğəmbərlər vasitəsi ilə insanlara günahların növlərini də izah etmişdir. Günahların hər birindən çəkinməkdə fayda var, illah da böyük günahlardan. Onların əsl mahiyyətini izah etmək ilahiyatçılarımızın işidir, mən mütaliə zamanı rastlaşdığım, "ən böyük günah" ifadəsi ətrafında fikir mübadiləsi aparmaq istərdim. Bu ifadənin müəllifi yəhudi mənşəli amerikalı yazar, professor, siyasətçi, Nobel mükafatçısı, 57 kitab müəllifi Elyezer Vizeldir. O, yazırdı: "Susmaq və laqeyd olmaq ən böyük günahdır. Biz getdikcə daha çox laqeyd olan bir dünyada yaşayırıq. Çox az adam yalnız öz rifahını deyil, başqa şeylər haqqında da narahatdır. Dünyada baş verməkdə olanlar haqqında bildiklərimiz, varsa belə, çox azdır. Üzləşdiyimiz sosial, iqtisadi və ya əxlaqi problemlər haqqında biliyimiz tamamilə dayazdır. Əksəriyyətimiz qarşımıza çıxan məsələlər və ideyalar haqqında düşünməkdən yayınmaq üçün müdafiə olunma mexanizmi kimi laqeydlik göstərməyi seçmişik. Laqeyd olduqca da bizi insan edən əsas keyfiyyət - şəfqət hissini itiririk". (Sitatların tərcüməsi müəllifindir - S.R)

Görkəmli alim sözünə davam edərək deyirdi:

"Sevginin əksi nifrət deyil, laqeydlikdir.

Gözəlliyin əksi eybəcərlik deyil, laqeydlikdir.

İnamın əksi küfür deyil, laqeydlikdir.

Həyatın əksi ölüm deyil, laqeydlikdir.

İnsanların məruz qaldıqları zülm-zillətə qarşı susmamağa and içən bu insanpərvər insan bildirirdi: "Biz həmişə tərəf tutmalıyıq. Neytrallıq əzənə kömək edir, əzilənə yox. Susmaq işgəncəyə məruz qalanı deyil, ona işgəncə verəni ruhlandırır".

***

Bu fikirləri oxuduqca gözümün önündə dünyada getdikcə sayı artan qaynar nöqtələr, ilk növbədə mənfur düşmənin tapdağında olan Qarabağımız, öz torpağımızda ölümə tuş gələn şümal gənclərimiz canlanır. Bütün dünyanı vecinə almayan erməni işğalçılarına gözün üstə qaşın var deyən yoxdur. Dünya ağalığına hədəflənən nəhəg alman faşizmini susdurub arzusunu gözündə qoyan müttəfiq ölkələr vəhşiliklər törədən bir ovuc ermənini susdura bilməzmi? Mane olan nədir? Əlbəttə, Elyezer Vizeldinin çox ustalıqla ifadə etdiyi kimi "laqeydlik". Bizlərdə məsəl var: "İt qulağını kəsəndən qorxar". Erməni, yəqin ki, qulağını kimin kəsdiyini unudub, ya da xatırlamaq istəmir. Türkün qanına susamağı gözlərini kor etdiyi kimi, yaddaşıni da korlaya bilər. Ağlı başında olan hər kəs bilir ki, tarix hərdən təkrar olunur. İnsanlarda olduğu kimi, dünyanın da səbri tükənir. Heç bir zalımın etdikləri yanında qalmayıb. Adi həyat hadisələrindən bir epizod: Kəndimizdəki zəhmətkeş kişinin oğullarından biri hərbi xidmət zamanı ailə qurduğu rus qadınla qayıtmışdı. Özündən kiçik iki qardaşı olmasına baxmayaraq, yaşlı ata-anasını öz doğma, halal evindən qovmaq üçün psixoloji problemləri olan həmin qadından istifadə edirdi. Nəinki qonum-qonşu, heç rəsmi dairələr də yazıq kişiyə dəstək olmadılar. Oğulun əlində sovet dövrü üçün daşdan keçən bir kart - beynəlmiləlçilik vardı. Qoca ata hara şikayət edirdi, deyirdilər ki, sən millət ayırırsan. Kişi qalırdı yana, qıvrıla. Allahdan başqa heç kəs onu eşitmədi, dərdinə şərik olmadı. İllər sonra rus gəlin başqa birisinə qoşulub qaçdı və həmin kişi ilə birlikdə yaşadıqları evdə yanıb məhv oldu.

***

İnsanlar şahid olduqları haqsızlıqlara göz yumub, laqeydlik göstərsələr də, hər şeyi görən və eşidən Allah zalımın zülmünə müvafiq cəzasını verir, özü də çox şiddətli şəkildə.

Laqeydlik ən yaxın varlıqlar olan ana-balanı da bir-birinə yad edə bilir. Keçmişdə bir oğul bir gözü kor olan anasına görə xəcalət çəkirmiş. Var gücü ilə çalışıb, oxuyub anasından uzaqlaşır, xaricdə təhsil alır. Vətənə qayıdıb müəyyən mövqe sahibi olan oğul ailə qurur, oğul-uşaq sahibi olur, böyük bir şəhərdə yaşamağa başlayır. Onu böyüdən ana da yaddan çıxır. Anası yerini öyrənib onu ziyarət edir. Uşaqları birgözlü nənədən eyməndikləri üçün oğul anaya bir daha onu ziyarət etməməsini tapşırır.

Bir gün oğulu oxuduğu məktəbə məzunlar görüşünə dəvət edirlər. O, həyat yoldaşına yalandan işgüzar səfərə getdiyini deyərək boya-başa çatdığı kəndə gəlir. Görüşdən sonra o, sadəcə maraq üçün, anadan olduğu daxmaya da baş çəkməyi qərara alır. Qonşuları anasının vəfat etdiyini bildirəndə gözündən bir damla da olsun yaş çıxmır. Bu zaman ona ananın yazdırmış olduğu məktubu təqdim edirlər: "Əziz balam, mən həmişə səni düşünmüşəm. Evinə gəlib uşaqlarını qorxutduğum üçün üzr istəyirəm. Sən böyüdükcə verdiyim narahatçılığa görə peşmanam. Bilirsənmi, sən çox kiçik olanda bir qəza nəticəsində gözünün birini itirdin. Ana olaraq mən sənin bir gözlə böyüməyinə dözə bilməzdim. Ona görə də gözümün birini sənə verdim. Bir Allah bilir ki, dünyanı mənim əvəzimə həmin gözlə görən oğlumla nə qədər fəxr edirdim.

Bütün varlığı ilə səni sevən anan".

Nankor övlad üçün artıq hər şey gec idi. Laqeydlik göstərməyib vaxtında anasının başına nə gəldiyini soruşub öyrənsəydi, hər iki dünyasını irirməzdi.

Seyrçilik, laqeydlik həmişə insanlığın ən böyük səhvi, həm də ən böyük günahı olaraq bəşəriyyətə ağır zərbələr vurmuşdur. Bu gün dünyanın müxtəlif bölgələrində gedən müharibələrə göz yumduğuna görə sonrakı peşmançılıq fayda verməyəcək. Alman antinasist teoloqu Friedrich Gustav Emil Martin Niemöller (1892 -1984) yazırdı: "Hitler yəhudilərə hücum edəndə mən yəhudi deyildim, ona görə də vecimə almadım. Hitler katoliklərə hücum edəndə katolik deyildim, ona görə də vecimə almadım. Hitler yunionlar və sənayeçilərə hücum edəndə yunionların üzvü deyildim ona görə də vecimə almadım. Hitler mənə və Protestant kilsəsinə hücum edəndə isə vecinə alacaq bir adam qalmamışdı.

Amerikalı yazar Helen Keller (1880-1968) laqeydlik ucbatından dünya və insanların başına gələn müsibətlərdən ürək ağrısı ilə bəhs edərək yazırdı: "Elm əksər bəlalara qarşı çarə tapa bilsə də, ən pis bəla olan insan laqeyedliyinin çarəsini tapa bilməyib".

***

Dünyanın yarısını təşkil edən Sovet ittifaqının çökməsi elə bu laqeydliyin nəticəsi olmadımı? Onun yıxılmasında əsas rolun yırtıcı qüvvənin erməni daşnakları olduğunu hər kəs bilir. Meşədə adi bir ağacı da kəsəndə yüz ölçüb-biçirlər ki, o, səmtinə yıxılsın, ətrafa, insanlara ziyan vurmasın. Soveti elə yıxdılar ki, hələ də insanlara əzab verməkdədir.

Ötən əsrin 50-60-cı iilərində Amerikada İnsan Haqları Hərəkatının lideri olmuş Kiçik Martin Lüter King (Luther King, Jr. 1929- 1968) yazırdı: "Hər hansı bir yerdəki ədalətsizlik hər yerdə ədalətə təhlükədir".

İnsanların ən böyük səhvlərindən biri də başına gələnlər və ya başqalarının başına gələnlərdən ibrət almamasıdır. Ermənistanın gözü qızmış rəhbərləri düşünmürlərmi ki, əsrlər boyunca uğrunda mübarizə apardıqları "Böyük Ermənistan" xülyası onlara ziyandan başqa heç nə gətirməyib? Rusiya "qardaş" deyə-deyə yetmiş il əlləşdi ki, xalqları bir damın altında saxlasın, alınmadı. Ermənistanın mövcud rəhbərliyi işğal etdiyi torpaqları öz xalqının qanı bahasına özününküləşdirməyə çaılşır. Yaxın gələcəkdə övladları qonşu torpaqlarında ölən analar bu yırtıcıların yaxasını deyil, boğazını tutub hesab istəyəcəklər.

***

İqtisadi Əməkdaşlıq Təşkilatının XIII İslamabad Sammitində etdiyi çıxışında prezidentimiz İlham Əliyev Qarabağ konfliktinə münasibətdə düzgün mövqe tutan ölkələrə minnətdarlıq etməklə yanaşı, islam dünyasını laqeydlikdən əl çəkməyə, həmrəyliyimizi gücləndirməyə çağırdı. Bütün dünya artıq məsələnin əsl mahiyyətini anlayır, Azərbaycanın öz tapdanmış haqqını bərpa etmək üçün hər şeyə hazır olduğunu görür. Beynəlxalq cəmiyyətin müəyyən hissəsində qalan laqeydiliyi əritmək, Prezidentimizin yeritdiyi daxili və xarici siyəsətin qəti qələbəsi üçün hər birimiz var gücümüzlə çalışmalıyıq.

Rahib Alpanlı

DİGƏR XƏBƏRLƏR

Top