"Atadan nəvaziş görməyən uşaqlarda təfəkkür natamam formalaşır" - Psixoloq

Başımız iş-gücə, internetə, problemlərə o qədər qarışır ki, nəyi necə edəcəyimizi, nəyə daha çox diqqət ayırmalı olduğumuzu bir növ unuduruq. Xüsusən, biz kişilər çox vaxt düşünürük ki, işləyiriksə, evə çörək aparırıqsa, ailəmizi pis-yaxşı dolandırırıqsa, işimizi tam yerinə yetirmiş oluruq.

Bu, təxminən əkdiyimiz gülləri vaxtlı vaxtında suvarmamağa bənzəyir. Əziyyət çəkirik, yer düzəldirik, gülləri əkirik, ancaq onlara vaxtında su vermirik. Yəni evlənirik, ailəmiz, uşağımız olur, işləyirik, vaxtımızı çox vaxt başqa şeylərə sərf edirik, ancaq ailəmizə, uşağımıza çox diqqət ayırmırıq, ailə olaraq maariflənmirik.

"Qızım ərə getsin, xoşbəxt olsun anlayışı doğru deyil"

Psixoloq Hüseyn Xəlilov da hesab edir ki, ildən ilə bu problem aktuallaşır: "Valideynlər zamanında maariflənərlərsə, problemləri özləri həll etməyə çalışarlarsa, o zaman hər şey yerində olar. Ancaq çox təəssüf ki, biz bunun əksini görürük. Ailələrimizin hamısı maariflənmək istəmirlər. Məsələn, bir evə gəlin gətirilib və qayınana deyir ki, hər şey yaxşıdır. Hər bir insan düşünməlidir ki, evinə gəlin gətirərkən onunla necə rəftar etməlidir. Valideyn oğlunu evləndirib evə gəlin gətirərkən bilməlidir ki, minimumlar nədən ibarətdir. Gəlin özü də bilməlidir ki, evdə hansı minimumlar var, onların hansını mən yerinə gətirməliyəm. Bir çoxlarının düşündüyü kimi - qızım ərə getsin, xoşbəxt olsun anlayışı doğru deyil. Sözümün canı odur ki, xırda bir detal kimi görünən bəzi məsələlərə vaxtında ciddi yanaşmaq lazımdır. Hər şeyə adi bir şey kimi baxmaq olmaz. Kiçik bir şey kimi gördüyümüz məqamlar sonradan böyüyür və ciddi problemə çevrilir. Ailələrimiz mütləq maariflənməyə diqqət ayırmalıdırlar".

Müəllimə deyir ki, "sümüyü sənin, əti mənim"

Psixoloq övladı məktəbdə oxuyan valideynlərin bir yanaşması ilə razılaşmadığını da dilə gətirdi: "Valideyn uşağı məktəbə gətirir və müəllimə deyir ki, "sümüyü sənin, əti mənim". Bu anlayış doğru deyil. Valideyn uşağını məktəbə göndərərkən "sümüyü sənin, əti mənim" deməməlidir. Düşünməlidir ki, onun böyütdüyü uşaq bir şəxsiyyətdir və sabah vətənə, cəmiyyətə faydalı bir övlad olacaq. Fikirləşməlidir ki, bu yöndə mən hansı işləri görməliyəm, uşağımın inkişafı üçün hansı addımları atmalıyam, nələri eləməliyəm, kimlərə müraciət etməliyəm. Maariflənmə dediyimiz də elə bunlardır".

"Psixoloji durumu, ailə mühiti pis vəziyyətdədir"

"Bizə müraciət edən uşaqlar, ailələr də var. Məsələn, gəlir bir problemini deyir, kömək edirsən, istiqamət verirsən. Elələri də var deyir ki, mənə heç nə lazım deyil, mən hər şeyi bilirəm. Deyirlər ki, mən özüm psixoloqam, hər şeyi bilirəm. Ancaq baxırsan ki, ailədə nə qədər problemlər var - uşaqların psixoloji durumu pis vəziyyətdədir, ailə mühiti pis vəziyyətdədir, yəni hər kəs öz hayındadır, öz problemi ilə yaşayır. Amma onu aradan qaldırmaq üçün heç bir köməklik yoxdur, dəstək yoxdur. Dinləmək yoxdur, dialoq yoxdur, problemlərimizdən biri də budur",-deyə qeyd edən Hüseyn Xəlilovun sözlərinə görə, ailələrin çoxunda son vaxtlar diaqloq yoxdur və ya diaqloq istənilən səviyyədə deyil.

"Övladı olan hər kəs buna vaxtında diqqət yetirsin"

"Övladla valideyn arasında ünsiyyət yoxdur. Mənim elmi işim də ailələrlə bağlıdır, ona görə bu mövzuya daha çox ağırlıq verdim. Bu gün atalar övladlarının mənəvi çətinlikləri ilə nə qədər maraqlanırlar? Nə qədər onların mənəvi probleminə kömək etmək istəyirlər? Övlad bir söz deyəndə ata qayıdır ki, "mənim buna vaxtım varmı, mən işləyirəm, çalışıram, anası ilə həll eləsin". Bax, belə problemlər var. Amma qız uşaqları daha çox ata ilə problemlərini həll eləmək istəyirlər. Daha çox ata mənəvi yükü daşımalıdır. Ata isə düşünür ki, hə, uşağım dünyaya gəlib, anası baxır, bəsimdir. Amma ata ilə bərabər ananın da xidməti çox olmalıdır. Əks təqdirdə, uşaqda natamam təfəkkür formalaşır. Atadan diqqət, atadan qayğı, atadan nəvaziş görmədikdə, diaqloq görmədikdə uşaqlarda təfəkkür natamam formalaşır. Ata haqqında uşağın fikirləri tamamilə fərqli olur, zaman keçdikcə uşaqda ataya sevgi azalır. Ata ona hər şey eləyir, ancaq sevgi vermir. Övladı olan hər kəs buna vaxtında diqqət yetirsin",-deyə həmsöhbətimiz qeyd etdi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top