Gəncə dəyişir - FOTOLAR

Gəncədə yeni layihələr uğurla həyata keçirilir. Hazırda tikintisi yekunlaşmaq üzrə olan Gəncə Dövlət Filarmoniyası, Gəncə MALL Ticarət Mərkəzi, yeraltı keçidlər, yeni 5 ulduzlu otel 2017-ci ildə istifadəyə veriləcək. Gəncə Dövlət Filarmaniyasının memarlıq üslubu şəhərin zəngin arxitekturası ilə həmahənglik yaradır. 1,4 hektar ərazidə inşa olunan Filarmoniya 1200 nəfərlik konsert zalı, iki kinoteatr, açıq havada estrada meydanı, kafe, restoran, 200 avtomobil üçün 2 mərtəbəli yeraltı dayanacaq və digər xidmət sahələri ilə ən yüksək səviyyədə sakinlərə xidmət göstərəcək. Tikinti işlərinin əsas hissəsi yerinə yetirilib, elektrik və daxili su xətləri çəkilib. Yarımstansiya, qazanxana və nasosxana tikilib, havalandırma sistemi qurulub. İki il əvvəl inşasına başlanılan 80.000 kvadrat metr ərazini əhatə edən Gəncə MALL-ın tikintisi ilə bağlı işlərin təxminən 90%-i yekunlaşıb. Tikintisində 700 işçinin çalışdığı mərkəz fəaliyyətə başladıqdan sonra burada 2000-dən cox yeni iş yeri açılacaq. 8 mərtəbəli Gəncə MALL-ın 3 mərtəbəsi yeraltı avtomobil dayanacağıdır. Burada əyləncə mərkəzləri, supermarket, kinoteatrlar fəaliyyət göstərəcək, dünyanın brend məhsulları təklif olunacaq. Bir neçə gündən sonra Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində avtomobillərin və piyadaların hərəkət etməsi üçün mövcud olan çətinliklər də aradan qaldırılacaq. Adıçəkilən ünvanda inşa olunan yeraltı keçid avtomobillərin və piyadaların rahatlığına, təhlükəsizliyinə xidmət edəcək. Layihəyə əsasən, 3 çıxışı olan keçid Gəncə Dövlət Universitetinin əsas binasını, Şah Abbas Məscidi və Gəncə MALL Ticarət Mərkəzini birləşdirəcək. Keçidlərin tikintisində milli arxitektura elementlərindən geniş istifadə olunmaqla yanaşı, qərb memarlığına da üstünlük verilib. İnşaat işlərinin tez bir zamanda başa çatdırılması üçün kifayət qədər işçi qüvvəsi və xüsusi təyinatlı texnikalar ayrılıb.

Gəncədə Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində daha bir keçid inşa olunur. Keçidin Cavad xan küçəsi və yeni tikilən Filarmoniyanın qarçısına çıxışları olacaq. Bununla da şəhərdəki keçidlərin sayı 5-ə çatacaq. Bu ərazidə yerləşən və şəhərin arxitekturasına gözəllik qatan layihələrdən biri də 5 ulduzlu "Majestic" oteldir. 7 mərtəbəli olan otelin ümumi sahəsi 2 min 800 kv. metrdir. Otelə gələn qonaqlar 33 otaqdan arzuladıqlarını seçə biləcəklər. Oteldə konfrans zalı, kafe-bar, restoran və s. fəaliyyət göstərəcək. Mükəmməl infrastruktura malik bina müasir avadanlıqla təhciz olunur. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan bu tikililərin hər biri öz arxitektura quruluşu, dizaynı və interyeri ilə seçilir. Şübhəsiz ki, bütün bunlar qədim Gəncənin gözəlliyini daha da artıracaq. Bundan başqa Gəncə şəhərinə yağan yağış sularının ötürülməsi üçün xətlərin çəkilməsi davam edir. İlkin olaraq Heydər Əliyev prospekti (800 metr) və Nizami prospektində (360 metr) işlərə start verilib. Yağış suları prospektə qoyulan borular vasitəsi ilə Gəncə çayına töküləcək. Bildirək ki, Heydər Əliyev prospekti və Cavad xan küçəsində əhalinin rahatlığı nəzərə alınaraq yollar da enləndirilir. Bu ərazidə keçidin inşası şəhər sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top