Ermənistanın ikinci prezidenti Robert Koçaryan bəyan edib ki, respublikadakı indiki siyasi proseslərdə iştirak etmək istəmir. “Yeniavaz.com”un məlumatına görə, bu barədə 1998-2008-ci illər ərzində Ermənistanın dövlət başçısı olmuş
R. Koçaryan özünün “2rd.am” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, yaranmış reallıqları barədə tam təsəvvürü olduğundan hazırda Ermənistandakı siyasi prosesləri şərh etmək, üstəlik onlarda iştirak etmək barədə heç bir arzusu yoxdur. R. Koçaryan Ermənistanda 2015-cil konstitusiya islahatlarını böyük səhv olduğunu hesab edir: “Bunun Ermənistan üçün uzunmüddətli mənfi təsirləri olacaq. Reytinq (ərazi) səsvermə sistemli yeni seçki məcəlləsi Ermənistanın seçki sisteminə xas olan ən mənfi təzahürlər üçün katalizator olacaq. Partiyalararası rəqabət şəxsiyyətlərarası mübarizənin gerisinə buraxılıb”. O əlavə edib ki, qarşıdakı seçkilərdə ideoloji mübarizənin heç bir mənası olmayacaq: “Bu, dözümsüzlük ab-havasında pul kisələrinin müharibəsi olacaq. Xeyli seçici elə ağır sosial vəziyyətə düşüb ki, çox güman ki, puldan imtina etməyəcək və yəqin səsvermə hərracında iştirak edəcək.
Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu, 2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın səlahiyyət müddətinin başa çatması ilə parlament üsul-idarəsini keçməyi nəzərdə tutan konstitusiya islahatlarından sonra ilk seçkilər olacaq. Parlamentdə yer uğrunda 9 siyasi qüvvə - 4 partiya və 5 blok mübarizə aparacaq.